Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
ABŞ, USS Abraham Linkoln təyyarə gəmisini və onu müşayiət edən döyüş gəmilərini Orta Şərqə göndərərək bölgədə güclü hərbi güc yaradıb. Bu addım, İran üzərinə hərbi əməliyyat ehtimalına qarşı əlavə müdafiə və hücum qabiliyyəti təmin etmək məqsədi daşıyır.
İran isə 2 400 km-lik sahil boyunca Devrim Mühafizləri qoşunlarını və inkişaf etmiş sahil müdafiə sistemlərini, o cümlədən gəmisavar raketlər və Kadir tipli sualtı qayıqları yerləşdirib. Bu hazırlığın məqsədi ABŞ-nin hər hansı çıxarma əməliyyatını əngəlləmək və Hürmüz Boğazını lazım gəlsə bağlamaqdır.
Ekspertlər bildirir ki, İranın ucuz pilotsuz uçuş aparatları ilə asimmetrik hücum strategiyası ABŞ donanmasına ciddi təhlükə yarada bilər və yüzlərlə İHA-nın eyni anda göndərilməsi halında bir çoxunun hədəfə çatması qaçılmazdır. 
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən politoloq Turan Rzayev deyib ki, ABŞ-nin İrana birbaşa müdaxiləsi və genişmiqyaslı müharibə Əfqanıstan ssenarisinin təkrarlanmasına gətirib çıxara bilər:
“Böyük ehtimalla ABŞ İranı zərbə ilə hədələyə bilər və ya Venezuela ssenarisinə bənzər şəkildə İran ərazilərinə qarşı məhdud hərbi əməliyyatlar gündəmə gələ bilər. Lakin total müharibə kifayət qədər baha başa gələn bir prosesdir və Donald Tramp bu cür xərci qarşılamaq istəmir.
Digər tərəfdən, ABŞ-nin İrana birbaşa müdaxiləsi və genişmiqyaslı müharibə Əfqanıstan ssenarisinin təkrarlanmasına gətirib çıxara bilər. Buna görə də mən bu ehtimalın o qədər də real olduğunu düşünmürəm.
Burada əsas məqsəd İranı danışıqlar masasına gətirmək və müəyyən güzəştlər əldə etməkdir. Yəni təzyiq alətindən istifadə olunur: əvvəlcə təhdid və təhlükə yolu ilə narahatlıq yaradılır. Əgər bu təhdidlərə məhəl qoyulmazsa, təsir göstərmək üçün məhdud zərbələr endirilə bilər. Ancaq mən hələ də total müharibə riskini zəif hesab edirəm”.