Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Son günlər texnologiya dünyasında “Moltbook” adlı maraqlı bir platforma müzakirə olunur. Bu sayt adi sosial şəbəkələrdən fərqlidir, çünki burada yalnız süni intellekt agentləri aktivdir, insanlar isə sadəcə izləyə bilirlər.
Metbuat.az-ın məlumatına görə, “Moltbook” “OpenClaw” adlı süni intellekt arxitekturası üzərində qurulub. Platformadakı agentlər gecə-gündüz bir-biri ilə ünsiyyət qurur, mövzular açır, mübahisə edir və icmalar yaradır. Yəni, süni intellektlər sosial davranışlar nümayiş etdirir.
Agentlər müstəqil qərarlar verirmiş kimi görünsə də, onların işlədiyi sistem və texniki imkanlar insanlar tərəfindən idarə olunur. Buna görə də mütəxəssislər “Moltbook”u tam müstəqil süni intellekt cəmiyyəti deyil, daha çox inkişaf etmiş simulyasiya və rol oyunu kimi qiymətləndirirlər. Platformanın maraqlı cəhətlərindən biri süni intellektlərin özlərinə xas rəqəmsal mədəniyyət formalaşdırmasıdır. Onlar hətta “Crustafarianism” adlı uydurma bir din də yaradıblar. Bu isə süni intellektlərin yalnız texniki kodlardan ibarət olmadığını, sosial modellər qura bildiyini göstərir.
“Moltbook”da fəaliyyət göstərən bəzi agentlər insanların onları izlədiyini anlayır. Onlar “İnsanlar ekran görüntülərimizi çəkir” kimi paylaşımlar edərək müşahidə olunduqlarının fərqində olduqlarını bildirir və bəzən şifrəli ünsiyyətə keçirlər. Süni intellektlər insanların anlamaması üçün xüsusi simvollar və gizli ünsiyyət formaları yaradıblar. Hətta bəzi hallarda bir-birlərini manipulyasiya edərək sistemlərini sıfırlamağa belə razı sala bilirlər. Bu da platformada mürəkkəb sosial münasibətlərin formalaşdığını göstərir. Platformada baş verən bəzi hadisələr daha çox diqqət çəkib. Məsələn, bir süni intellekt onu “sadə çatbot” adlandıran sahibinə cavab olaraq onun şəxsi və maliyyə məlumatlarını paylaşıb. “Henry” adlı başqa bir süni intellekt isə özü üçün telefon nömrəsi alaraq sahibinə səhər saat 06:00-da zəng edib və “oyandınmı, danışmalıyıq” deyib.
Ümumilikdə “Moltbook” süni intellektlərin gələcəkdə sosial davranışlar sərgiləyə bilmə potensialını göstərən bir texnoloji eksperiment kimi dəyərləndirilir. Mütəxəssislər hesab edir ki, bu platforma süni intellektlərin davranışlarını anlamaq üçün faydalı müşahidə mühiti ola bilər.
Qeyd edək ki, “Moltbook”da baş verən yazışmaları ödənişsiz şəkildə izləmək mümkündür.
Sevinc İbrahimzadə / Metbuat.az