Büstü də tarix yazan şairə...

06.08.2026

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xan qızının doğum günüdür

Bu gün Natəvanın büstü Şuşada qürurla ətrafı seyr edir. Taleyinə həm ağır sınaqlar, həm də şərəfli bir ömür yazılmış bu zərif, eyni zamanda iradəli Azərbaycan xanımının həyat yolu doğulduğu gündən etibarən xalqın yaddaşında iz salıb. Vəfatından sonra isə adı illər boyu ehtiramla anılıb. Sonradan bürüncdə əbədiləşdirilən Natəvanın abidəsi də Şuşanın yaşadığı faciələrin rəmzinə çevrilib, işğal dövrünün ağrılarını sanki özü də yaşayıb.

Sonuncu Qarabağ xanı Mehdiqulu xanın yeganə övladı olduğu üçün onu “Dürrü yekta”, yəni “Tək inci”, el arasında isə “Xan qızı” çağırarmışlar. Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib. Xan qızının anadan olmasından 194 il ötür.

Xurşidbanu Natəvanla bağlı maraqlı faktlar çoxdur. Tarixçilərin ehtimalına görə, o dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da var ki, Vorontsovun şəxsi yavəri Xasay xan Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib.

Xasay xanla evləndikdən sonra Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətdən bir il sonra 1855-ci ildə onların oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir.

Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar.

Natəvan 1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı kasıb bir şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib.

Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salır. Oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Beləliklə, şairə ömrü boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.

Seyid Hüseyndən olma oğlu Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan, yəni zəif, gücsüz təxəllüsünü götürür.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaldır, onu həyat işığına həsrət qoyur. Xəstəlik və məhrumiyyətlər, xüsusilə birinci ərindən olan övladları ilə ikinci ərindən olan uşaqları arasında torpaq-mülk ixtilafları Natəvanın onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırır. Elə bu illərdə onun evindən xeyirxah məqsədlər üçün ayrılmış bir sandıq qızıl pul və qiymətli əşyalar oğurlanır. Bu hadisə Natəvanın Arazdan Mil düzünə çəkdirməyə başladığı arxın Kəngərli məntəqəsində yarımçıq qalmasına səbəb olur.

Şairənin həyatının son illəri daha acınacaqlı keçib. O, yaylaqlarını və yararlı torpaqlarını itirərək var-yoxdan çıxır, borca düşür. Hətta dövrü mətbuatda çıxan xəbərlərə görə o, ağır maddi çətinliklər üzündən, ev əşyalarını, zinət əşyalarını açıq satışa qoymuşdu. ( “Bakinskie quberrnckie vedomosti” qəzeti, 1896)

Bütün bu çətinliklər, maddi və mənəvi sıxıntılar nəticəsində Natəvanın xəstəliyi və daxili iztirabları getdikcə şiddətlənir və o, 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat, hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparıb. Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunub.

Xurşidbanu Natəvanın şəxsiyyətinə, irsinə, yaradıcılığına Azərbaycan dövləti hər zaman sayğı bəsləyib. Natəvanın 180 illik yubileyi də dövlət səviyyəsində qeyd edilmişdi. 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdı. Bakıda Xan qızının adına kitabxana, Azərbaycan Yazıçılar Birliyində ədəbi klub fəaliyyət göstərir. Şuşa işğaldan azad edilərkən Natəvanın büstü yenidən doğma şəhərinə qaytarıldı, Xan qızı bulağı bərpa edildi. Prezident İlham Əliyev 14 mart 2022-ci il tarixində “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью