Bütöv Azərbaycanda dalğalanan üçrəngli BAYRAĞIMIZ

09.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycanın üçrəngli bayrağı xalqımızın milli kimliyini, dövlət müstəqilliyini, suverenliyini və tarixi irsini özündə əks etdirən əsas dövlət rəmzlərindən biridir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən bu bayraq ötən əsrdə yaşanan mürəkkəb tarixi proseslərə baxmayaraq, milli dövlətçilik ideyasının və müstəqillik arzusunun simvolu olaraq qorunub saxlanılıb.

Bu gün üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində dalğalanır. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən sonra dövlət bayrağımızın işğaldan azad edilmiş ərazilərdə ucaldılması milli tariximizin və dövlətçilik salnaməmizin mühüm hadisələrindən birinə çevrilib.
Bayraq həm də xalqın birliyini, azadlıq iradəsini və gələcəyə olan inamını ifadə edir.

"Cebheinfo.az" -a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, Bayraq Gününün qeyd olunması Azərbaycan dövlətçiliyi baxımından mühüm əhəmiyyət daşıyır:

"Bayraq dövlətimizin əsas rəmzlərindən və atributlarından biridir. Hər bir dövlət öz bayrağı ilə qürur duyur. Bu rəmz həm də dövlətin inkişafını, tərəqqisini və müstəqilliyini ifadə edir. Bu baxımdan, bayrağın Azərbaycan xalqı üçün xüsusi önəmi var. Bayraq Gününün qeyd olunması milli kimliyin və dövlətçilik şüurunun formalaşmasına da müsbət təsir göstərir.

Bu səbəbdən 9 noyabr olduqca vacib və əhəmiyyətli tarixdir. Məhz 2009-cu il noyabrın 17-də Prezident tərəfindən Bayraq Gününün qeyd olunması ilə bağlı müvafiq sərəncam imzalanıb".

O qeyd edib ki, bu günü bir çox baxımdan xüsusi əhəmiyyət daşıyan tarix kimi həm qürur, həm də fəxrlə qeyd edirik:

"Çünki artıq torpaqlarımız azaddır. Bu gün biz müstəqil və suveren Azərbaycanın azad edilmiş torpaqlarında yaşayan vətəndaşlarıyıq. Bütün bunlar Bayraq Gününün xalqımız və dövlətimiz üçün əhəmiyyətini daha da artırır".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: Dövlət Bayrağı Günü Ceyhun Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью