Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın dövlətçilik tarixində 20 Sentyabr xüsusi qəhrəmanlıq səhifəsidir. Bu tarix uzun illər davam edən işğal və separatizm probleminin Azərbaycanın siyasi iradəsi və hərbi gücü ilə aradan qaldırıldığı, dövlət suverenliyimizin bütün ərazimizdə bərpa edildiyi gün kimi tariximizə həkk olunub. Qarabağ üzərində Azərbaycan dövlətinin tam hakimiyyətinin bərpası ilə uzun illər davam edən mürəkkəb tarixi proses öz məntiqi nəticəsinə çatdı.
Azərbaycan bu nəticəyə bir gündə gəlib çıxmadı. Bir qərinə ərzində dövlətimiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışdı. Lakin Ermənistanın işğal siyasəti, separatçı rejimin mövcudluğu və qarşı tərəfin Azərbaycanın sülh təşəbbüslərinə konstruktiv yanaşmaması vəziyyəti getdikcə mürəkkəbləşdirdi. Cəbhə boyunca yeni təxribatların törədilməsi, hərbi gərginliyin artırılması Azərbaycanı öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək məcburiyyətində qoydu.
2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi bu tarixi prosesin həlledici mərhələsi oldu. 44 gün ərzində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizin böyük hissəsini azad etdi. Şuşanın azad olunması ilə müharibənin taleyi həll edildi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ tamamlandı.
Lakin Qarabağda separatçı silahlı dəstələrin mövcudluğu dövlətimizin suverenliyinin tam təmin edilməsinə maneə olaraq qalırdı. Azərbaycan öz ərazisində qanunsuz silahlı qüvvələrin fəaliyyətinə dözə bilməzdi. Ermənistanın silahlı birləşmələri və separatçı qüvvələrin təxribatları vəziyyəti daha da gərginləşdirdi. Qarşıda Azərbaycan dövləti üçün növbəti tarixi vəzifə, Qarabağda suverenliyimizi tam təmin etmək dayanırdı.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri bu mərhələyə son qoydu. Cəmi bir gün davam edən tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, separatçı rejimin mövcudluğu sona çatdı. Sentyabrın 20-də əldə olunan nəticə Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam təmin edilməsi ilə tarixə düşdü.
Xankəndidə Azərbaycan bayrağının ucaldılması bu tarixi prosesin ən güclü siyasi rəmzinə çevrildi. Qarabağın mərkəzində üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın dövlət suverenliyinin təmin olunduğunu bütün dünyaya göstərdi. Azərbaycan öz ərazisində dövlət hakimiyyətini tam bərpa etdi.
Bu tarixi Zəfərin arxasında Prezident İlham Əliyevin uzun illər ərzində formalaşdırdığı siyasi xətt və dövlətçilik iradəsi dayanır. Qarabağ məsələsində qarşıya qoyulan məqsəddən geri çəkilməyən dövlət başçısı Azərbaycanın qarşısında duran tarixi vəzifənin mərhələli şəkildə həyata keçirilməsini təmin etdi. Ordumuzun gücü artırıldı, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirildi, xalqın dövlət siyasəti ətrafında birliyi qorundu. 2020-ci ilin Zəfəri ilə ərazi bütövlüyümüzün bərpasına yol açıldı, 2023-cü ilin antiterror tədbirləri ilə dövlət suverenliyimizin tam təmin olunması başa çatdırıldı.
Prezident İlham Əliyevin siyasi iradəsi ən mürəkkəb məqamda verilən qərarlarda özünü göstərdi. Azərbaycanın suverenliyinə qarşı təxribatların davam etdiyi bir şəraitdə antiterror tədbirlərinin başlanması və qarşıya qoyulan vəzifələrin qısa müddətdə yerinə yetirilməsi Qarabağ məsələsində yeni tarixi mərhələ yaratdı. 20 Sentyabr 2023-cü ildə xalqa müraciət edən Prezident İlham Əliyev antiterror tədbirlərinin uğurla başa çatdığını və Azərbaycanın suverenliyinin bərpa edildiyini bəyan etdi.
Bu siyasi iradənin ən təsirli görüntülərindən biri Xankəndidə Azərbaycan bayrağının ucalması oldu. Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Dövlət Bayrağımızı ucaltması 20 Sentyabrda əldə olunan tarixi nəticənin rəmzinə çevrildi. Xankəndidə dalğalanan üçrəngli bayraq Qarabağ üzərində Azərbaycan dövlətinin hakimiyyətinin bərpasını bütün aydınlığı ilə nümayiş etdirdi.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi yol göstərdi ki, dövlətin qarşısında duran tarixi məqsədlərin həyata keçirilməsi ardıcıl siyasət, güclü ordu, diplomatik iradə və qətiyyətli qərarlar tələb edir. 20 Sentyabr bu siyasi xəttin tarixi nəticələrindən biri kimi Azərbaycan tarixində öz yerini tutdu.
Bu gün 20 Sentyabr Azərbaycan dövlətçiliyinin bütövlüyünü ifadə edən tarixi simvollardan biridir. Qarabağda dalğalanan üçrəngli bayrağımız xalqımızın keçdiyi uzun yolun nəticəsini göstərir. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etdi.
20 Sentyabrın tarixi yaddaşımızdakı yeri bundan sonra daha da möhkəmlənəcək. Çünki həmin gün Azərbaycan tarixində yarımçıq qalan bir səhifə tamamlandı. Xankəndidə Azərbaycan bayrağı ucaldı. Bununla Azərbaycanın dövlət suverenliyi bütün ərazimizdə bərpa edildi və tariximizin uzun illər yarımçıq qalan səhifəsi tamamlandı. Qarabağ Azərbaycan dövlətinin ayrılmaz parçası kimi öz tarixi yerinə qayıtdı. Bu gün Qarabağda dalğalanan üçrəngli bayraq Azərbaycanın ərazi bütövlüyünün, milli birliyinin və suveren dövlət iradəsinin ən aydın ifadəsidir.
Subut Əsədov
siyasi şərhçi