Bütün çirkinlər və pis adamlar ölməyə layiqdir?

23.01.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səhərdən beynimdə müxtəlif fikirlər dolaşır. Bu fikirlərin səbəbi isə son zamanlar tandığım insanların ağır xəstəliyin pəncəsində olması barədə eşitdiklərimdir. Bu günlərdə sosial şəbəkələrdə gördüyüm paylaşımlar məni bu yazını yazmağa sürüklədi. Məsələ nədir?

Fikir verirəm ki, həmin o adamlar üçün edilən dəstək çağırışlarında hər kəs onların ən gözəl xüsusiyyətlərini sadalayır, qəşəng düşdüyü fotosunu paylaşırlar. Yazırlar ki, filankəs çox səmimi, gülərüz, yardımsevər, səxavətli, mədəni, savadlı insandır və s. Bu siyahını uzatmaq olar. Çoxluğun belə yazmağından bəlli olur ki, o adamlar doğrudan da yaxşı insandır.

Bilirsiniz, burada məsələ onun yaxşı və ya pis olmasında deyil. Məsələ ondadır ki, biz meyvə alanda, paltar alanda və əşya alanda onun gözəlliyinə və keyfiyyətinə fikir veririk. Çünki o əşyadır, qırıla bilər, dözümlü olmalıdır, dadı yaxşı olmalıdır, üzərimizdə yaxşı görünməlidir. Kimsə gedib keyfiyyəti yaxşı olan, amma özünə yaraşmayan paltarı alırmı? Əksərən yox. Bəs insan? İnsan axı əşya deyil. Niyə biz kiməsə yaxşılıq etmək istəyəndə başqalarını onun yaxşı, gözəl, mehriban olduğuna inandırmalıyıq? Bu insanlığın gəldiyi nöqtədir.

Məgər çirkin, amma yaxşı insanlar daha çox ölməyə layiqdir? Xəstə və dəstəyə ehtiyacı olan insanlar çirkindirsə, onlara yardım etməməliyik?
Sözümü qüvvətləndirmək üçün bir misal da çəkim. Bəlkə onda fikrim tam ayın olar. Müharibə vaxtı minlərlə gəncimiz şəhid düşdü. Hər birinə ürəyimiz ağrıdı. Sosial şəbəkələrdə qarşımıza çıxan postlarda, insanların öz aralarında etdiyi söhbətlərdə fikir vermisinizsə, çox vaxt bu cümləni işlədirlər: “Heyif, o cür boylu-buxunlu oğlan getdi şəhid oldu”, “heyif, necə də gözəl səsi var idi şəhidimizin”, “fikir ver, özü də necə yaraşıqlı olan idi”, “2 universitet bitirmişdi”...

Bəs hansısa adam boy-buxunlu deyilsə, savadlı deyilsə, gözəl səsi yoxdursa, bizim tərifləyib gözə soxacağımız xüsusiyyətləri yoxdursa, o ölməyə layiq idi? Əlbəttə, yox. Biz insanlara yaxşı və gözəl olması prizmasından yanaşmamalıyıq.

Qanunvericilikdə də yazılır ki, yaşamaq hər bir insanın konstitutsion hüququdur. Yazılmır ki, yaşamaq, gözəl/yaraşıqlı, yaxşı və savadlı insanların konstitutsion hüququdur. 

Yadımdadır ki, bir neçə il əvvəl yerli kanallardakı verilişlərdən birində 8-10 yaşlarında ağır xəstə bir qızı efirə çıxarmışdılar. Təcili əməliyyat üçün pul yığılırdı. Sayılı günləri qalmışdı, həmin əməliyyat olunmasaydı öləcəkdi. Qızı efirdə oynatdılar. Yəni azyaşlı süzülə-süzülə rəqs etdi. Həmin kadrları paylaşan bir xanım ürək ağrısı ilə yazmışdı: “Baxın, necə gözəl rəqs edir. Onu ölməyə qoymayaq”.
Bu prizmadan yanaşsaq, gərək ətrafımızda ancaq tanıdığımız və yaxşı olan insanlara yardım edək. 
Tanımırıqsa, xasiyyətini bilmiriksə, “o adam bizi maraqlandırmır” deyib yaxamızı kənara çəkə bilmərik. 

Heç kim başına gələcəklərdən sığortalanmayıb. Pis gündən hamı üçün var. Buna görə empatiya insandakı ən vacib duyğulardan biridir. Sabah sənin də, ananın da, atanın və övladının da başına gələ bilər. 
Dövrümüzdə populyar evrən-enerji məsələləsindən yola çıxaraq, belə başa düşün: bu gün siz başqalarına, sabah başqaları sizə. 

Bəlkə də, bu yazını oxuyan oxucu - sən, oxudun və öz-özünə dedin ki, xeyr, mən elə insan deyiləm. Deyilsənsə, nə xoş bizə. Sənin kimilərdən çox olsun. 

Başqa insanların fotolarından istifadə edərək pul toplayan dələduzlar olduğu üçün “yardım etməzdən əvvəl “tanıdığın adamdır?” deyə sual edənləri bir tərəfdən də anlayıram. İnsanlar göndərdikləri pulun ünvanına çatıb-çatmadığını bilmək istəyirlər. Çünki təəssüf ki, bu ölkədə ölmüş uşağın fotosundan istifadə edib pul yığan dələduzlar var. Baxın, əsl pis insan odur.

Sizin yaxşılığını görmədiyiniz, sizə faydası dəyməyən insan pis insan deyil. Gəlin, hər şeydən əvvəl onun insan olduğuna baxaq. Pis olmaq çox mürəkkəb və geniş anlayışdır.

İşin burası da var ki, neçə illər rüşvətxorluq edən, işçilərinə zülm edən, haqq yeyən hansısa məmur öləndə ona yazığı gələn də olur, sevinən də. Pis adamdır deyə ölməli idi? Bunun qərarını biz ver bilmərik. Bizə pis olan başqasına yaxşı ola bilər. Amma bu yenə də “o ölməyə layiqdir” düşüncəsinə səbəb olmamalıdır. 

Odur ki, gəlin, tanısaq da, tanımasaq da, yaxşı və ya pis insan olduğunu bilməsək də yardıma ehtiyacı olan insanların əlindən tutaq. Yaxşılıq etmək üçün o adamı yaxından tanımağımız şərt deyil.
Çünki yaşamaq haqqı sübut tələb etmir, yardım almaq üçün “layiqli CV” tərtib olunmamalıdır və empatiya yalnız “xoşumuza gələn” insanlara aid deyil. Yaxşılıq ediriksə, bunu özümüz üçün, insaniyyət naminə etməliyik.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью