Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Tanrıya bu qədər bağlı olan belə bir dilin daşıyıcıları arasında Tanrını, Haqqı, Onun qanunlarını tanımayan, Allahın buyuruqlarını inkar edən bu qədər adamın olması həqiqətən də çox qəribə və təəccüblüdür...”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış tədqiqatçı Araz Şəhrilinin “Bütün dillərdə olan bir mübarək söz...” başlıqlı növbəti araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:
Uca Yaradanın türk dillərindəki Tanrı adı iki fərqli sözün birləşməsindən yaranıb: "tan" (dan) və "yer" (yeri).
Əvvəlcə Azərbaycan dilindəki “tanı” və “tanımaq” feillərinin kökü olan tan (dan) sözünün müxtəlif dillərdəki paralellərinə nəzər salaq:
- qədim Çin dilində “tyan” - göy, səma;
- qədim fars dilində “daena” - din, iman;
- latış dilində “diena” - gün;
- orta fars dilində "den" - din, iman.
- rus və Ukrayna dillərində "день" (den) - gün;
- ərəb dilində “din” - din, iman;
- fars dilində "dəna" - dən, toxum.
- ingilis dilində "dawn" - sübh;
- boşnak, slovak və xorvat dillərində “dan” - gün;
- ingilis dilində "day" - gün;
- Norveç dilində “dag” - gün;
- island dilində “dagur” - gün;
- alman dilində “tag” - gün.
Alman dilindəki “tag” (gün) sözü, eləcə də fars dilindəki "yek" (bir) rəqəmi Azərbaycan dilindəki “tək” sözünə bənzəyir. Zənnimizcə, bu oxşarlıqlar heç də təsadüfi deyil. Fars dilindəki “tənha” sözü də eyni mənanı ifadə edir. Ehtimala görə, o “tən” (vücud) və “ha” (tərzi-hərəkət zərfini düzəldən şəkilçi) sözlərinin birləşməsindən yaranıb. Xatırladaq ki, qədim türklərdə "bir Tenqri" ifadəsi olub.
İmam Əli əleyhissalamın belə bir fikrini də yada salaq:
"Allah birdir' dedikdə rəqəm və sayı nəzərdə tutursunuzsa, bu yanlışdır. Çünki saydıqda birdən sonra iki gəlir. Allah birdir ifadəsi isə sayı (rəqəmi) nəzərdə tutmur. O, bənzəri, şəriki, tayı-bərabəri olmayan Təkdir."
Həqiqətən də sıra və ya miqdar saylarını Tanrı adına tətbiq edən kimi şirk qarşısındakı bütün maneələr yoxa çıxır. Müşriklər üçün Allah tanrılar panteonunda sadəcə birinci idi. Ardınca ikinci, üçüncü və s. gəlirdi.
Qədim türklərin bir hissəsi əsl Tövhiddən - Tanrı inancından belə, uzaqlaşmışdı. Onlar Allahın hər sifətini ayrıca bir Tanrı elan etmişdilər. Bugün Altay türkləri və buryatların panteonunda 99 Tenqri və ya Tengeri var. Altaylıların birinci Tenqrisinin adı həm də Kudaydır. Xatırladaq ki, iranlılar da Tanrıya Xuda deyirlər. Buryatların və monqolların birinci Tengerisinin adı isə Xormustdur. Yada salaq ki, qədim iranlılar Tanrını Hörmüz adlandırırdılar. Hazırda dünyanın ən qaynar nöqtəsi İran körfəzindəki Hörmüz boğazıdır...
Halbuki türk dillərində "bir" sözü həm də tək, yeganə, vahid mənasını verir. Tanrı sözü özünün "tan" hissəsi ilə Allahın təkliyini bildirir. Bu həqiqətdən agah olan türklər şirkə yuvarlanmadılar və zamanla yeni Tövhid dininə - İslama keçdilər. Beləliklə, Tanrı adını onun əsl mənası ilə yaşatdılar. Əvəzində Allah da onların əxlaqi keyfiyyətlərini, nəticədə milli kimliklərini qorudu.
Bütün bunlardan sonra "tanımaq", "danışmaq", "danışdırmaq", "danlamaq", "danmaq", "danılmaz", "dinmək", "dindirmək", "dinləmək", "dincəlmək" feillərinin ilkin anlamı bizə bəlli olur:
- "tanımaq" - Allahı tanımaq.
- "danışmaq" - Allahın əmrlərini iqrar etmək.
- "danışdırmaq" - Haqqı deməyə sövq etmək.
- "danlamaq" - şərdən uzaqlaşdırmaq.
- "danmaq" - Allahı inkar etmək.
- "danılmaz" - Allah haqdır, onun inkarı mənasızdır.
- "dinmək" - Haqqı demək.
- "dindirmək" - Haqqı deməyə məcbur etmək.
- "dinləmək" - Allahın sözünü, haqqı eşitmək.
- "dincəlmək" - Allahı tapmaq.
Türk dillərindəki "tariq", "tarı", "darı" (toxum) sözü də Tanrı adı ilə əlaqəlidir. Toxum həyatın əvvəlidir. Azərbaycan dilindəki "sən Tarı" frazeoloji birləşməsini, "Ay Allah Tarı, sən saxla barı, bu balaları" alqışını yada salaq.
İndi isə Tanrı adının ikinci hissəsi olan yer sözünün digər dillərdəki paralellərini sadalayaq:
- ərəb dilində: "ard" - yer;
- isveç dilində: "yord" - yurd, yer;
- ivrit dilində "erets" - yer;
- ingilis dilində: "earth" - yer;
- ispan dilində: "tierra" - yer;
- fransız dilində: "terre" - yer.
Bir sözlə, Azərbaycan dilindəki Tanrı sözü “dan yeri” deməkdir. Digər türk və monqol dillərində Tanrıya “Tenqri”, “Tengeri" deyilir. Qədim şumerlər isə Tanrını "Dingir" adlandırırdılar.
Çuvaş dilində bu söz daha qısadır: Tura. Maraqlıdır ki, qədim skandinaviyalılar da ildirım, qasırğa və məhsuldarlıq tanrısını Tor adlandırırdılar. Tor əsas tanrı Odinin oğlu idi. Rus və Ukrayna dillərində bir rəqəminə "odin" deyilir. Müqayisəli təhlil göstərir ki, Odin oğlu Tor, əslində, elə qədim türklərin "Bir Tenqrisi"dir. Amma məsələ qədim skandinaviyalılar və slavyanlarla yekunlaşmır. İudaizmin müqəddəs kitabının adı “Tora”dır. Türk dillərində isə el adət və qaydalarına “Törə qanunları” deyilir. "Törəmək" (çoxalmaq, artmaq) sözü də Tanrı ilə əlaqəlidir.
P.S. Tanrıya bu qədər bağlı olan belə bir dilin daşıyıcıları arasında Tanrını, Haqqı, Onun qanunlarını tanımayan, Allahın buyuruqlarını inkar edən bu qədər adamın olması həqiqətən də çox qəribə və təəccüblüdür...
Müəllif: tədqiqatçı Araz Şəhrili