“Bütün müdafiə nazirlərin dövründə hərbi hissələrdə oğurluqlar olub” EKSPERT

25.11.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hərbi hissələrdə yanacağın mənimsənilməsi faktı ilə bağlı 4 nəfərin həbs edilməsi, 11 nəfər barəsində isə alternativ qətimkan tədbirinin seçilməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, bu hal hərbi strukturlarda nəzarət və şəffaflıq məsələsini yenidən gündəmə gətirib. Bəs hərbi hissələrdə yanacaq oğurluğu halları Zakir Həsənovdan əvvəlki müdafiə nazirlərinin dövründə də qeydə alınıbmı, yoxsa bu kimi faktlar son 5-6 ildə daha çox aşkarlanmağa başlayıb?

Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfəriv Avtosfer.az-a açıqlamasında bildirib ki, hərbi hissələrdə yanacağın oğurlanması faktı yeni hal deyil:

''Bu, hələ keçmiş SSRİ dövründən miras qalmış qanunsuz praktikalardan biridir. Təəssüf ki, bəzi vicdansız şəxslər bu gün də hərbi hissələrdə yanacağın, ərzağın və digər əmlakın mənimsənilməsi ilə məşğul olurlar. Hazırda bu iş üzrə 4 nəfər həbs edilib, 11 nəfər barəsində isə alternativ qətimkan tədbirləri seçilib. Valeh Bərşadlıdan başlayaraq, Tacəddin Mehdiyev, Tahir Əliyev, Rəhim Qazıyev, Məmmədrəfi Məmmədov, Səfər Əbiyev və Zakir Həsənov olmaqla, müxtəlif müdafiə nazirlərinin dövründə də belə hallara rast gəlinib. Hesab edirəm ki, əsgərin payına və hərbi əmlaka əl uzadan şəxslər ən ağır cəzaya məhkum edilməlidirlər. Bu cür cinayətlərin qarşısının alınması üçün hüquqi tədbirlərlə yanaşı, maarifləndirmə işləri də gücləndirilməlidir.

Bundan əlavə, hərbi hissələrdə baş verən qanun pozuntularına görə keçirilən məhkəmə proseslərinin səyyar formada, ən azı aparıcı qarnizonlarda təşkili məqsədəuyğun olardı. Bu, digər hərbi qulluqçular üçün də çəkindirici və tərbiyəvi əhəmiyyət daşıya bilər. Hərbi sahədə baş verən cinayətlər xüsusilə təhlükəlidir, çünki burada söhbət təkcə dövlət əmlakından deyil, həm də ölkənin müdafiə və təhlükəsizliyindən gedir''.

Fatimə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью