Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampla görüşü zamanı ölkə hüdudlarından kənarda yaşayan iri narkotik şəbəkə rəhbərlərinin adlarını ona təqdim etdiyini açıqlayıb. Petro bildirib ki, transmilli narkoticarətlə mübarizədə əsas hədəf məhz bu şəbəkələrin başında duran şəxslər olmalıdır.
KONKRET.az xəbər verir ki, Vaşinqtonda Ağ Evdə keçirilən görüşdən sonra mətbuat konfransında danışan Kolumbiya lideri qeyd edib ki, narkoticarətin əsas idarəedici mərkəzləri Kolumbiyada yerləşmir.
“Birinci xətt Kolumbiyada deyil. O, Dubayda, Madriddə və Mayamidədir. Mən prezident Trampa onların adlarını verdim,” – deyə Petro vurğulayıb.
Prezidentin sözlərinə görə, bu şəxslərin maliyyə resursları da əsasən Kolumbiyadan kənarda saxlanılır. O, beynəlxalq kəşfiyyat orqanlarının daha sıx əməkdaşlığının vacibliyini qeyd edərək, narkotik kartellərinin liderlərinin birgə əməliyyatlarla məsuliyyətə cəlb olunmasına çağırıb.
Petro hesab edir ki, yalnız istehsalçı və ya aşağı səviyyəli daşıyıcıların tutulması qlobal narkoticarət şəbəkəsini zəiflətmək üçün kifayət deyil.
Onun fikrincə, əsas zərbə maliyyə axınlarını və idarəetməni həyata keçirən yüksək səviyyəli təşkilatçılara yönəlməlidir.
Görüş zamanı tərəflərin narkotik qaçaqmalçılığına qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini də müzakirə etdiyi bildirilir. Hələlik ABŞ tərəfi Petro tərəfindən təqdim olunan siyahı ilə bağlı rəsmi açıqlama verməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az