Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının XII konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi müstəqil Azərbaycanın siyasi tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkənin parçalanması və məhv olmaq təhlükəsinin qarşısı alınıb, Azərbaycan sonrakı dövrdə müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanıb.
Hesabat dövründə YAP Yasamal rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatları ilə qarşılıqlı əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi istiqamətində görülən işlər barədə də ətraflı məlumat verilib.
Yasamal Rayon İcra Hakimiyyətin başçısı Elşad Həsənov partiyanın ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək xalqa layiqli xidmət nümunəsi yaratdığını deyib. O qeyd edib ki, Azərbaycan xalqı Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşərək həyata keçirilən siyasəti dəstəkləyir.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli vurğulayıb ki, müstəqil Azərbaycan dövləti mühüm siyasi-ideoloji və iqtisadi-mədəni təməllər üzərində inkişaf edərək yeni hədəflərə doğru inamla irəliləyir. Sarsılmaz təməllərə söykənən xalq-iqtidar birliyi davamlı uğurların əsasıdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova vurğulayıb ki, ardıcıl nailiyyətlər qazanan müasir Azərbaycanın inkişafı davamlı, dinamik və hərtərəfli xarakter alıb. O əminlikdə qeyd edib ki, Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni möhtəşəm uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, milli həmrəyliyin güclənməsini təmin edir.
“H.Cavid pr.33a” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası Rahilə Ramazanova, Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev, “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və yeni reallıqlardan irəli gələn hədəflərin reallaşdırılmasının ölkəmizi yeni zirvələrə yüksəldəcəyini qeyd ediblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının ümummilli mənafeləri rəhbər tutaraq ölkədə ictimai-siyasi sabitliyin təminatçısı və dayanıqlı inkişafın aparıcı qüvvəsi kimi çıxış etdiyini deyib.
Konfransda YAP Yasamal rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.