Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Zamanın axarında Buxara xanlığı artıq öz əvvəlki gücünü itirmiş, siyasi sistem isə içindən boşalmışdı. Bu boşluq tarixdə çox vaxt olduğu kimi yeni bir gücün yüksəlişinə şərait yaratdı. Mangitlər əvvəlcə kölgədən idarə edən qüvvə kimi formalaşsalar da, sonradan açıq şəkildə hakimiyyət kürsüsünə çıxaraq Məhəmməd Rahim Bi ilə birlikdə Buxara Əmirliyinin təməlini qoydular. Bu hadisə sadəcə bir sülalə dəyişikliyi deyil, Türküstanda dövlətçilik formasının dəyişməsi, xanlıqdan əmirliyə keçid idi. Bu sülalə dəyişikliyi ilə bərabər, parçalanmış siyasi sistemdən daha nizamlı, lakin daha avtoritar bir dövlət quruluşuna keçidin başlanğıcı idi.
Beləliklə, Buxara xanlığı formal olaraq öz yerini daha mərkəzləşmiş, daha sərt idarəetmə modelinə, Buxara Əmirliyinə verdi. Mavəraünnəhrin tarixində yeni bir səhifə açıldı, köhnə xanlıq ənənəsinin yerini əmirlik idarəçiliyi aldı.
Əmirlik dövründə mədəniyyət və memarlıq
Mangıt əmirlərinin hakimiyyəti dövründə Buxarada genişmiqyaslı mədrəsələr, məscidlər və saraylar tikilirdi. Əhəmiyyətli ticarət yolunun üzərində yerləşən Buxarada türk, fars, özbək, ərəb və yəhudi təsirlərini özündə birləşdirən zəngin mədəni irsi formalaşmışdı.
Buxara Əmirliyində yerli tarixçilər məktəbi öz inkişaf dövrünü yaşayırdı. Ən məşhur tarixçilər arasında Mirzə Şəms Buxari, Məhəmməd Yaqub ibn Daniyalbiy, Məhəmməd Vəfa-i Kermineqi, Məhəmməd Şərif ibn Məhəmməd Nəki, Mirzə Sadıq Münşi Məhəmməd Mir Alim Buxari, Əhməd Doniş, Mirzə Əzim Sami, Mirzə Səlimbəy və digərləri var idi və onlar Buxaranın, ümumən Türküstanın və qonşu dövlətlərin tarixinin yazılması istiqamətində mühüm işlər görürdü.
Buxara şəhəri Əmirliyin mövcudluğu dövründə davam edən zəngin türk memarlığı və ədəbiyyatı tarixinə malikdir. Dövrün görkəmli sənətkarları arasında şair Kiromi Buxori, xəttat Mirzə Əbdül Əziz Buxari, alim Rəhmətullah Buxari var idi. Bu dövrdə bölgənin mədrəsələri böyük populyarlıq qazanırdı.
Ləhcələrindən asılı olmayaraq, türk dilində danışanlar türklər, farsdillilər taciklər adlanırdı.
Dövrün ən məşhur tacik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Cami, ardınca eyni dildə yazan daha iki şair-Hafiz Şirazi və Hindistanın türk əsilli böyük şair və musiqiçisi Əmir Xosrov Dəhləvi, həmçinin Mir Əlişir Nəvai və Məhəmməd Füzulinin əsərləri məşhur idi.
VIII və IX əsrlərdən başlayaraq yerli sakinlərin ortaq ünsiyyət mədəniyyəti fars və türk dillərində idi. Fars dili Buxara Əmirliyinin rəsmi və saray dili kimi qorunub saxlanırdı.
Rus şərqşünas və tarixçi Vasili Bartoldun yazdığına görə, tacik dili Buxara Əmirliyinin rəsmi dili idi və bu dil dövlət idarəçiliyində və mədəniyyətində geniş yayılmışdı. Şəhər əhalisi həm özbək, həm də tacik dillərində danışırdı. Özbək dili kənd yerlərində geniş istifadə olunurdu, ona görə də kəndlilər şəhər bazarına gələndə ünsiyyət ancaq özbək dilində olurdu.
18-ci əsrin ikinci yarısı - 19-cu əsrin əvvəllərində yaşamış özbək şairi Saykalinin kitabı Buxara və Səmərqənddə məşhur idi, kitabın üzü bu şəhərlərdə dəfələrlə köçürülmüşdü.
19-cu əsrin əvvəllərində Buxara tarixçisi, Kunqrat nəslindən olan Allamurad Annaboy oğlu 1815-1816-cı illərdə özbək dilində "Oğuz, Alankuva və Şeybani tarixi" əsərində Buxaranın və ümumən Türküstanın tarixinə işıq salırdı. Əsər Oğuz xandan Çingiz xanın əfsanəvi əcdadı Alankuvaya qədər olan hadisələri, Kunqrat tayfasının zadəgan nəsillərini və Şeybanilərin tarixi fəsillərini əhatə edir.
O yazırdı ki, XIX əsrin sonlarında Buxarada əsas dil cağatay dili kimi tanınan özbək dili idi.
Türküstan general-qubernatoru, general-adyutant fon Kaufman və Buxara əmiri Seyid Müzəffər arasında 1873-cü il dekabrın 18-də imzalanan müqavilə iki dildə - rus və türk dillərində yazılmışdı.
Buxara və Səmərqənddə tanınmış soydaşlarımız da yaşayıb
Zaman-zaman qədim Buxara və Səmərqənd şəhərlərində tanınmış Azərbaycan türkləri də yaşayıb. 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Səmərqənddə və Buxarada yaşayan böyük filosof Yusif Qarabaği, onun müəllimi, filosof Mirzəcan Şirazi, Səmərqənddə yeni üsulla ilk məktəb (cədid) açan Şeyx Əbülqasım əl- Gənci, 1912-ci ildə Seyid Əlimxanın hakimiyyəti dövründə Buxarada tacik dilində çap edilən ilk milli qəzet-“Buxarai Şarif”in, özbək dilində işıq üzü görən “Turan” qəzetinin naşiri və redaktoru Mirzə Cəlal Yusifzadə, Səmərqənddə ömür sürən, 1937-ci ildə repressiya olunmuş tanınmış pedaqoq, ədəbiyyatşünas, ictimai xadim, jurnalist, tərcüməçi Seyid Rza Əlizadə...
Bu, Səmərqənd və Buxarada yaşayan və işləyən tanınmış soydaşlarımızın tam siyahısı deyil.
Buxara Əmirliyinin yaranması
Buxara Əmirliyi rəsmi olaraq 1785-ci ildə, Mangıt sülaləsindən olan əmir Şahmuradın hakimiyyətə gəlməsindən sonra qurulub. Şahmurad ailənin sülalə hakimiyyətini rəsmiləşdirdikdən sonra xanlıq Buxara Əmirliyinə çevrilib.
Əmirliyin paytaxtı Bixara şəhəri idi, Səmərqənd xanlığın ikinci böyük şəhəri kimi tanınırdı. Əmir Nəsrullahın dövründə əmirliyin əraziləri genişlənir. Ərazilər əsasən Özbəkistan, Tacikistan, Türkmənistan və Qazaxıstanın bir hissəsini, Şimali Əfqanıstanı əhatə edirdi. Daşkənd və Qazaxıstanın Türküstan əraziləri də daxil olmaqla əmirlikdə 30 bəylik yaradılmışdı.
Əmirliyin rəsmi dini İslam, sonra sufizm (nəqşibəndiyə), zərdüştilik, iudaizm, rəsmi dili fars dili, cığatay türkcəsi olub. Əmirlikdə özbəklər, taciklər, türkmənlər, ərəblər, Buxara yəhudiləri və digər millətlər yaşayıb. O zaman əmirliyin əhalisi 3,5 milyon nəfər olub.
Monqol İmperiyasından sonra Türküstanda Çingiz xanın nəsilləri (Teymurilərdən başqa) tərəfindən idarə olunmayan azsaylı dövlətlərdən biri kimi Buxara Əmirliyində hökmdar xan əvəzinə İslam əmiri titulunu aldığı üçün legitimliyi Çingiz xanın qanına deyil, İslam prinsiplərinə əsaslanırdı.
Buxara əmirliyinin Mangıt hakimiyyəti
1747-ci ildə Nadir şahın ölümündən sonra xanlıq Çingizilərdən olmayan Xudayar Bi adlı xanın əlinə keçir. Mangıtlərin hakimiyyəti dövründə xanlığın sərhədləri itirilir , XIX əsrin sonlarına yaxın isə Buxaranın ruslar tərəfindən işğalı başlanır. Buxara xanlığı 1920-ci ildək, sovetlərin tam işğalına qədər yarımüstəqil fəaliyyət göstərib. Xanlıq torpaqları 1860-cı ilə qədər bugünkü Türkmənistanı, Özbəkistanın qərbini və Qazaxıstanın cənub-qərbini əhatə edib.
Şeybanilər və Həştərxanilər sülalələrini əvəz edən Manqitlər sülaləsi 1756–1920-ci illərdə hakimiyyətdə olub. Bu dövrdə dövləti idarə edən hökmdarlar əsasən "əmir" titulu daşıyıb.
Mangit sülaləsinin hökmdarları:
Məhəmməd Rəhim xan, sülalənin əsasını qoyan, Mangitlər sülaləsinin ilk hökmdarı, xan titulunu qəbul edib. Buxara xanlığında 1747-ci ildə faktiki olaraq hakimiyyəti ələ keçirib, Atalıq (baş nazir) funksiyasını daşıyıb.
Sonradan isə 1756-cı ildə rəsmi olaraq taxta çıxaraq Mangit sülaləsinin əsasını qoyub, 1785-ci ildə vəfat edib.
1756–1758-ci illərdə hakimiyyətdə olub.
Daniyal bəy, Buxara tarixində Mangit sülaləsinin əsas nümayəndələrindən biri idi, Məhəmməd Rəhim xanın ölümündən sonra hakimiyyətə keçib.
O, təxminən 1758–1785-ci illərdə Buxara Xanlığında (sonralar əmirlikdə) faktiki hakimiyyət sahibi olub. O, xan titulu daşımırdı və Atalıq (baş nazir) kimi hakimiyyəti öz əlində cəmləşdirmişdi.
Dövlət işlərini əsasən özü idarə edib, xanlar formal xarakter daşıyıb,
rəsmi olaraq xan titulundan imtina edərək "atalıq" titulu ilə idarə edib, 1758–1785...
Şahmurad xan, Daniyal bəyin oğlu, Əmir titulunu rəsmiləşdirən hökmdar, Buxara Əmirliyinin ilk rəsmi əmiri, "Əmirül-möminin" titulu ilə xalq arasında ədalətli siyasəti ilə tanınıb, bundan sonra dövlət daha çox Buxara Əmirliyi kimi tanınmağa başlayıb, 1785–1800...
Heydər xan, mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışan, amma daxili üsyanlar və tayfa qarşıdurmaları ilə üzləşən bir əmir olub. Onun dövründə dövlət nisbətən sabit olsa da zəifləmiş idarəetmə problemləri artıq görünürdü.1800–1826...
Hüseyn xan, Heydər xanın ölümündən sonra qısa müddətə, keçid dövrü üçün taxta çıxmışdı, Nəsrulla xan tərəfindən taxtdan salınıb, 1826...
Nəsrulla xan, Sərt və avtoritar əmirlərdən biri idi, müxalifəti amansız şəkildə yatırması ilə tanınır. Ordunu gücləndirməyə çalışsa da, sərt idarəetmə səbəbindən həm narazılıq, həm də daxili gərginlik artmışdı. Sərhədləri genişləndirməyə çalışan, mərkəzləşdirilmiş güclü siyasət yürüdən əmir olub, 1826–1860...
Müzəffərəddin xan, onun dövrü Buxaranın Rusiya İmperiyası qarşısında zəiflədiyi dövrdür. 1868-ci ildə məğlubiyyətdən sonra Buxara Rusiya protektoratına çevrilib, o daha çox diplomatik və asılı vəziyyətdə idarəçilik aparırıb, 1860–1885...
Seyid Əbdüləhəd xan, Rusiya təsiri altında modernləşmə cəhdləri edən, Avropa tipli islahatlara meylli bir əmir olub, amma real siyasi müstəqilliyi məhdud idi və əsas qərarlar Rusiya tərəfindən yönləndirilirdi, 1885–1910...
Seyid Əlimxan, Seyid Əbdüləhəd xanın oğlu, Manqit sülaləsinin və xanlığın sonuncu hökmdarı, reformlar və mühafizəkar qüvvələr arasında qalmışdı. 1920-ci il rusların inqilabı nəticəsində devrilib, 1910–1920...
(Bu haqda ayrıca məqalə olacaq)
Əmirliyin dövlət quruluşu
Əmirin dövlət işlərinə cavabdeh olan baş vəzir quşbəyi adlanıb, o, əmirin administrasiyasını idarə edib, yerli bəylərə və vergi sisteminə nəzarət onun əlində olub. Quşbəyi əmirlikdəki vəziyyət barədə şəxsən hər gün əmirə hesabat verib, bütün məmurlar, ən yüksək vəzifəli dövlət adamları əmirin özü tərəfindən təyin olunub.
Əmir Şahmuradın hakimiyyəti dövründə Manqıt qəbiləsindən olan quşbəyi Utkur biy böyük nüfuza malik idi. Onun oğlu Məhəmməd Hakim biy də 1812-ci ildən 1837-ci ilə qədər Buxara Əmirliyində quşbəyi olub.
Buxara Əmirliyinin bütün hakim təbəqəsi dünyəvi dövlət məmurlarına-amaldarlara (ruhani məmurlara-üləmalara) bölünmüşdü. Bu təbəqəyə alimlər, ilahiyyatçılar, hüquqşünaslar, mədrəsə müəllimləri və digər şəxslər daxil idi. Dövlətdə on beş dünyəvi və dörd ruhani rütbə var idi. Dünyəvi məmurlar əmirdən, ruhani məmurlar quşbəyidən rütbə alıblar. 1860-cı illərə qədər divanbəy və yasaulbaşı vəzifələrinə özbək tayfalarından olan nüfuzlu şəxslər təyin edilib.
Mollalar, vaizlər, imamlar, mirzələr və onlara bərabər tutulan digər şəxslər vergi və rüsumlardan azad idi.
Buxara əmiri məhdudiyyətsiz hakimiyyətə malik idi və ölkəni şəriət qaydaları və əxlaq kodeksinə uyğun olaraq idarə edirdi. Əmirin vəsiyyəti ciddi şəkildə yerinə yetirilib və buna xüsusi nəzarət edən məmurlar olub.
Hərbi hakimiyyət
Ali hərbi hakimiyyət və ordu komandanlığı əmirə məxsus idi. Bütün piyada və artilleriyaya komandanlıq topçi-başıya (artilleriya rəisi) həvalə edilmişdi və o, baş komandan titulunu aldıqdan sonra süvarilər də daxil olmaqla bütün Buxara ordusuna komandanlıq edib. Qoşunun təchizatı quşbəyinin nəzarəti altında idi.1837-ci ildən 1845-ci ilə qədər Təbrizdən gələn naib və artilleriya rəisi Əbdülsəmədxan Buxara əmirliyinin siyasi həyatında böyük təsirə malik idi. Əbdülsəmədxan Buxarada sarbaz alayı və topçi artilleriya dəstəsi təşkil edən ilk şəxs idi. Süvari əsgərlərin öz atları olması tələb olunurdu, artilleriya isə atlarla Ziyaəddin bəy tərəfindən təmin edilirdi.
Əmirliyin iqtisadiyyatı
19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində əmirlikdən əsasən pambıq, yun, ipək, yağ və digər məhsullar ixrac edilirdi. Buxara həmçinin, qaragül dərisindən əldə edilən Həştərxan yunu ticarətində əsas yer tutub. Bu dərilər Türküstanın Qaragül, Çorcu, Kərki, Qarşi, Xarəzm vilayətlərindən və Əfqanıstandan idxal olunurdu.
Buxara Əmirliyi Rusiya İmperiyası, qərb ölkələri-Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, sonrakı illərdə Amerika Birləşmiş Ştatları ilə ticarət münasibətləri saxlayıb.
Buxara dövlətçiliyinin ruslar tərəfindən işğalı
1868-ci ildə Buxara Əmirliyi bölgəni fəth etməyə çalışan Rusiya İmperiyasına qarşı müharibədə uduzur. Rusiya bölgənin böyük hissəsini, o cümlədən mühüm əhəmiyyət daşıyan Səmərqənd şəhərini ilhaq edir,1873-cü ildə Əmirliyin qalan hissəsi Rusiyanın protektoratına çevrilir və tezliklə Türküstan General Qubernatorluğu tərəfindən mühasirəyə alınır.
Manqit sülaləsindən olan sonuncu Əmir Seyid Mir Məhəmməd Əlimxanın atası Buxara Əmiri Seyid Əbdüləhəd xan böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin dostu idi və hər il istirahət üçün Bakıya gedərdi. Seyid Əbdüləhəd xan rəhmətə getdikdən sonra 1911-ci il yanvarın 3-dən 1920-ci il avqustun 30-dək onun oğlu Seyid Əlimxan Buxara Əmirliyini idarə edib. Hərçənd ki, Buxara Əmirliyi Rusiya imperiyasının protektoratı idi və yarımmüstəqil şəkildə fəaliyyət göstərirdi. Bununla belə yarımmüstəqil idarəçilik də Rusiyaya sərf etmirdi.
1918-ci ildən ruslar qədim Buxara şəhərini göz altına almışdı, nadir abidələri, məscidləri, karvansaraları, təkrarsız tikililəri dağıtmaq lazım idi. Rusiyada vətəndaş müharibəsi sona yaxınlaşdıqca Moskva Türküstana əlavə qüvvələr göndərirdi. 1920-ci il sentyabrın 2-də general Mixail Frunzenin rəhbərliyi altında yaxşı silahlanmış Qırmızı Ordu qoşunları şəhərə hücum edir. Dörd günlük döyüşdən sonra bu qədim şəhərdən daş-daş üstə qalmır, Buxara məhv edilir, Kalon minarəsinin üstündə qırmızı bayraq qaldırılır. Buxara Əmirliyində dövlət çevrilişi baş verir, sonuncu Buxara əmiri Seyid Əlimxan taxtdan salınir, Buxara Xalq Respublikası yaradılır. Mixail Frunzenin komandanlığı altında Qızıl Ordu bütün dövrlərdə Buxara hakimiyyətinin iqamətgahı olan Ərk qalasına havadan zərbələr endirərək qalanın 80 faizini dağıdır, minlərlə adam məhv edilir, Ərkdə başlayan güclü yanğın bir neçə gün davam edir. Bu günümüzə qalanın yalnız giriş hissəsi gəlib çatıb. Qalanın qorunub saxlanan tikililəri Həştərxanilər və Manqıtlər dövrünə aiddir. Bunlar kurinişxana, Cami məscidi, kuşbegi (baş vəzirin həyəti), calomxana, saisxana (at tövləsi) və Battal qazinin hücrəsidir.
Ərk qalasının şərq hissəsi hazırda arxeoloji abidə kimi qorunur. Burada Çilduxtaron məscidi yerləşir. Min bir əziyyətə düçar olan və Nəsrulla xan tərəfindən quyuya atılan qırx qız əfsanəsi bu məscidlə bağlıdır.
XIX əsrdə əmir və əyanlar üçün tikilən Cami saray məscidi də bizim günlərə qədər gəlib çıxan abidələrdəndir.
Qızıl Ordu 1920-ci ilin martında əmirliyə uğursuz hücum edir, həmin ilin sentyabrındakı hücum nəticəsində Buxara Əmirliyi bolşeviklər tərəfindən ələ keçirilir və onun yerinə Buxara Xalq Sovet Respublikası yaradılır.
Bundan sonrakı həyatı faciələrlə dolu olan Əmir Əlimxan əvvəlcə Düşənbədəki iqamətgahına, daha sonra Kabil şəhərinə qaçır. (Əmir Əlimxanın faciəli həyatı haqqında ayrıca söhbət açılacaq). Əmir Əlimxan 1944-cü il aprelin 28- də 64 yaşında dünyadan köçür və Kabildəki Şuadoi Solexin qəbiristanlığında dəfn edilib, qəbrinin üstündə mavzoley inşa edilib. Hazırda bu tikili acınacaqlı vəziyyətdədir.
Türk tarixinin sinəsinə vurulmuş dərin yara...
Buxara Əmirliyinin süqutu türk-islam tarixinin sinəsinə çəkilmiş dərin bir yara idi. Əmirliyin süqutu təkcə bir dövlətin xəritədən silinməsi deyildi, bu, əsrlərin yaddaşına vurulan ağır bir zərbə idi. Bir vaxtlar elm, mədəniyyət və dövlətçilik ənənələri ilə Şərqin ən parlaq mərkəzlərindən biri olan Buxarada minarələrdən yüksələn azan səslərinin, mədrəsələrdə əsrlərlə qorunan elmin və dövlətçilik ənənəsinin üzərinə bir gün top tüstüsü çökdü. Bir vaxtlar Samanilərin, Şeybanilərin, Canilərin və Mangitlərin izlərini daşıyan müqəddəs şəhər taleyin ən sərt hökmü ilə üz-üzə qaldı.
Nəhayət, 1920-ci ildə topların gurultusu ilə minillik irs susduruldu, bir dövrün qapıları birdəfəlik bağlandı. 1920-ci ildə Buxara təkcə paytaxtını itirmədi, öz siyasi iradəsini, əsrlərin mirasını və müstəqil nəfəsini də itirdi. Sarayların qapıları sındırıldı, taxtlar devrildi, amma ən ağır dağıntı daşlarda yox, insanların qəlbində baş verdi. Çünki dövlətlər əvvəlcə ürəklərdə süqut edir, sonra xəritələrdən silinirlər.
Bu süqut, sadəcə bir əmirin taxtdan endirilməsi deyildi. Bu, bütöv bir siyasi ənənənin, bir idarəçilik məktəbinin və insanların alışdığı həyat nizamının dağılması idi. Tarix bəzən qaliblərin dili ilə yazılır, lakin məğlub olanların sükutu daha ağır danışır. Buxaranın küçələrində dolaşan o səssizlik bəzən yüzlərlə nitqdən daha təsirli idi.
Tarix Buxaranı yalnız məğlubiyyətlə xatırlamamalıdır. O həm də zamanın çağırışlarını gec eşidən, islahatları ləngidən və daxili zəifliyin xarici güclərə yol açmasının acı simvoludur. Düşmənin topları divarları dağıtdı, lakin həmin divarların çatları çoxdan idarəçilikdə, birlikdə və gələcəyi görmək bacarığında yaranmışdı.
Bu səbəbdən Buxara Əmirliyinin süqutu sadəcə bir hakimiyyət dəyişikliyi deyil, bir sivilizasiyanın qəlbində qopan sarsıntı idi. O gün Buxaranın küçələrində yalnız bir əmirliyin bayrağı enmədi, əsrlərin dövlətçilik qüruru, bir xalqın siyasi yaddaşı və müstəqillik ruhu da matəmə büründü.
Buxaranın taleyi tarixdən gələn ağır bir pıçıltıdır: dövlətləri yalnız qalalar deyil, elm, birlik, ədalət və uzaqgörənlik qoruyur. Bunlar zəifləyəndə ən uca minarələr belə süqutun sükutunu gizlədə bilmir.
Əmirliyin süqutu göstərdi ki, zamanın axarına uyğunlaşa bilməyən dövlətlər ən möhkəm qala divarlarına sahib olsalar belə, tarix qarşısında aciz qalırlar. Xarici gücün hərbi üstünlüyü ilə daxildəki zəiflik bir araya gələndə əsrlərlə ayaqda qalan taxtlar bir neçə günün içində yerlə bir ola bilir.
Buxaranın faciəsi keçmişə yazılmış qara bir səhifə olmaqla yanaşı, gələcəyə ünvanlanmış sərt bir xəbərdarlıqdır: dövlətlər yalnız silahla deyil, ədalətli idarəçilik, islahat, xalqın etimadı və zamanın tələblərinə cavab vermək bacarığı ilə yaşayırlar. Əks halda, tarix onların adını mərsiyə ilə xatırlayır.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd