Buzda sürüşdüm, qəza oldu: Sığorta xərci qarşılayacaq? AÇIQLAMA

22.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Qış mövsümündə hava şəraitinin dəyişkənliyi, xüsusilə qarlı və buzlu yollar, yol-nəqliyyat hadisələrinin sayının artmasına səbəb olur. Bu isə sığorta məhsullarının, o cümlədən icbari və KASKO sığortalarının əhəmiyyətini bir daha göstərir.
Bəs hadisə baş verdikdə dəymiş ziyanı hansı hallarda sığorta şirkəti ödəyir?
Məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev Demokrat.az-a bildirib ki, baş vermiş hadisə zamanı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta təminatı əldə etmək mümkündür:
"Bu, sizin qarşı tərəfin əmlakına, avtomobilinə və ya digər predmetlərinə (işıqfor, yol dirəkləri, nişanlar, dayanacaq və s.) vurduğunuz zərərlərə görə ödənilən sığorta kompensasiyasıdır. Məlumat üçün bildirmək istərdim ki, avtoicbari sığorta məhsulu üzrə bir hadisədə əmlaka dəymiş zərər üzrə maksimum 5.000 manat ödəniş verilə bilər ki, bu da zərərvuranın gözlənilməz maliyyə itkiləri ilə üzləşməsinin qarşısını alır".
Ekspert deyib ki, avtoicbari sığorta yalnız əmlakı deyil, həmçinin üçüncü şəxslərin sağlamlığına və səhhətinə dəymiş zərərləri də əhatə edir:
"Yəni, əgər siz hər hansı şəxsə və ya avtomobilə zərər vurmusunuzsa, bu zərər icbari məsuliyyət sığortası vasitəsilə qarşılanacaq. Bundan əlavə, sizin öz nəqliyyat vasitənizə də zərər dəyə bilər. Bu halda, istər zərərvuran, istərsə də zərərçəkmiş olmağınızdan asılı olmayaraq, avtomobilinizə dəymiş zərərin qarşılanması üçün KASKO sığortası təminatı mövcuddur.
Hava şəraitinin qarlı və buzlu olması, əlbəttə ki, sizin peşəkar sürücü olmağınızdan asılı olmayaraq digər şəxslərin sizə zərər vurmaq ehtimalını aradan qaldırmır. Belə hallarda, əgər digər şəxslər avtomobilinizə zərər vurarsa, həm qarşı tərəfin icbari sığortası, həm də KASKO sığortası təminatından yararlanmaq mümkündür".
O bildirib ki, KASKO sığortası olduqca əlverişli və geniş təminatlı bir məhsuldur:
"KASKO sığorta əlbəttə kifayət qədər əlverişli bir sığorta məhsuludur. Bu məhsul üzrə sığorta təminatı əldə etdikdə hava şəraitinin qarlı və buzlu olması, eyni zamanda digər hallarda, bunlara avtomobilə üçüncü şəxslərin qəsd hərəkəti nəticəsində zərər dəyməsi, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq kimi hallarda, hər hansı bir predmetin avtomobilin üzərinə düşməsi halında və ya son dövrlərdə təəssüf ki, tez-tez rastlaşdığımız yanğın hallarında, təbii fəlakət kimi hal və hadisələrdə təminatlar verilir".
Ekspert qeyd edib ki, bu kimi hadisə baş verdikdə sizin avtomobilinizə dəymiş zərər sığorta şirkəti tərəfindən qeydiyyata alınır və müvafiq qaydada qiymətləndirmə edilir. 
"Qismən sığorta şərti əgər sizin KASKO sığortası müqavilənizdə nəzərdə tutulmamışdırsa, yəni avtomobilinizin dəyəri 50 000 manatdır və siz avtomobili 30000 manatlıq hissəsini sığorta etdirmisinizsə, yalnız bu halda qismən sığorta şərti tətbiq edilə bilər, digər halda zərər ödənişi tam şəkildə zərərçəkmiş şəxsə ödənilir. Qismən sığorta şərti KASKO sığortası üzrə tərəflərin avtomobili qismən (yəni tam məbləğdə olmayan) sığorta etdirdikdə tətbiq edilə bilər"- deyə o bildirib. 
Onun sözlərinə görə, bu hal icbari sığortada vahid yanaşma ilə tətbiq edilir, yəni zərər məbləğindən asılı olmayaraq bir hadisə üzrə əmlak zərəri üzrə maksimum ödəniləcək məbləğ 5000.00 manat təşkil edir:
"Yol şəraitinin təhlükəli olması əlbəttə sığorta ödənişinə təsir edə bilən amillərdəndir. Təbii ki, hava şəraiti, görmə məsafəsi, qarlı-buzlu yollar yol-nəqliyyat hadisələrinin sayının artmasına əsas olan amillərdəndir. Bu məqamda sürücülərin üzərinə düşən vəzifələrdən biri məhz qarşısıalınmaz tədbirlərinə riayət etməsi, ara məsafəsi kimi vacib məqama diqqət etməsi, avtomobil idarə edərkən digər kənar diqqət yayındırıcı amillərdən uzaq durması əsasdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью