Buzlu Arktika qaynar qazana dönür

29.01.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Avropanın yeni təhlükəsizlik arxitekturası

Almaniyanın Hamburq şəhərində Şimal dənizi hövzəsi ölkələrinin dövlət və hökumət başçılarının 3-cü Sammiti keçirilib. Avropanın 9 ölkəsinin - Belçika, Danimarka, Fransa, İrlandiya, İslandiya, Lüksemburq, Niderland, Norveç və Böyük Britaniyanın təmsil olunduğu sammitə Avropa Komissiyası, NATO və 140-dan çox şirkət, birlik və qeyri-hökumət təşkilatının nümayəndələri də qatılıb. Görüşdə 2 əsas məsələ - dənizdə yeni külək enerjisi qurğularının inşasının sürətləndirilməsi və Şimal dənizi regionunda təhlükəsizlik məsələləri gündəmdə olub.

Sammit zahirən enerji əməkdaşlığına həsr olunsa da, mahiyyət etibarilə Avropanın dəyişən geosiyasi reallıqlara verdiyi strateji cavab kimi dəyərləndirilə bilər. Rusiya–Ukrayna müharibəsindən sonra Avropa üçün enerji məsələsi sırf iqtisadi sahədən çıxaraq milli və kollektiv təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Məhz bu kontekstdə Şimal dənizi regionu yeni Avropa təhlükəsizlik və enerji arxitekturasının əsas dayaqlarından biri kimi ön plana çıxır.

Sammitdə külək enerjisi ilə yanaşı, regional təhlükəsizlik məsələlərinin paralel müzakirə olunması təsadüfi deyil. Dənizdə külək parkları və elektrik ötürücü şəbəkələr artıq yalnız enerji istehsalı infrastrukturu yox, eyni zamanda strateji obyektlər kimi qəbul edilir. Bu obyektlərin qorunması isə avtomatik olaraq NATO və Avropa İttifaqının təhlükəsizlik gündəliyinə daxil olur. Beləliklə, yaşıl enerji ilə hərbi-siyasi planlaşdırma arasında yeni və davamlı bağ formalaşır.

Almaniya kansleri Fridrix Mertsin Danimarka və xüsusilə Qrenlandiya ilə bağlı vurğuları Berlinin xarici və təhlükəsizlik siyasətində baş verən transformasiyanı nümayiş etdirir. Almaniya uzun müddət iqtisadi gücə söykənən, lakin təhlükəsizlik məsələlərində ehtiyatlı mövqe tutan aktor kimi çıxış edirdi. İndi isə Arktika və Şimal regionu Almaniyanın birbaşa strateji maraqları sırasına daxil edilir. Qrenlandiya bu baxımdan təkcə Danimarkanın muxtar ərazisi deyil, Arktikada böyük güclərin rəqabətinin kəsişdiyi nöqtə kimi qəbul olunur.

Danimarkanın Baş naziri Mette Frederiksenin Qrenlandiyada NATO kontingentinin yerləşdirilməsinin əhəmiyyəti ilə bağlı açıqlaması Arktikanın tədricən hərbiləşdirildiyini açıq şəkildə göstərir. Bu proses yalnız Rusiyanın regiondakı hərbi aktivliyi ilə bağlı deyil, həm də ABŞ, Çin və Avropa arasında formalaşan uzunmüddətli geosiyasi rəqabətin nəticəsidir. Şimal dənizi və Arktika artıq Avroatlantik təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilir.

Sammitdə qəbul olunan qərarlar külək enerjisi sahəsində əməkdaşlığın arxasında ciddi geoiqtisadi məqsədlərin dayandığını göstərir. Şimal dənizi ölkələrinin 100 qiqavata qədər istehsal gücünü transsərhəd şəkildə birləşdirmək niyyəti Avropanın enerji suverenliyini gücləndirməyə yönəlib. Bu, Rusiyadan fosil yanacaq asılılığının azaldılması ilə yanaşı, Çin texnologiyalarına alternativlərin formalaşdırılması və ABŞ-dan maye qaz idxalına həddindən artıq bağlılığın balanslaşdırılması anlamına gəlir. Prosesdə 140-dan çox şirkət və qurumun iştirakı onu göstərir ki, Avropa enerji təhlükəsizliyini dövlət–korporativ ittifaq modeli üzərindən qurmağa çalışır.

Rusiya faktoru sammitdə birbaşa vurğulanmasa da, bütün təşəbbüslərin fonunda əsas təsiredici amil olaraq qalır. Şimal dənizi əməkdaşlığı Avropanın Moskvaya qarşı sanksiyalarla məhdudlaşmayan, daha dərin və struktur cavabıdır. Burada məqsəd qarşıdurma deyil, alternativ sistem qurmaqdır. Enerji marşrutları, istehsal və təhlükəsizlik mexanizmləri Rusiyadan asılı olmayan şəkildə yenidən dizayn edilir.

Politoloqların sözlərinə görə, qısamüddətli perspektivdə Şimal dənizində enerji infrastrukturu kritik obyekt statusu alacaq və onun mühafizəsi üçün NATO-nun dəniz və hava nəzarəti gücləndiriləcək. Orta müddətdə region Avropanın əsas enerji mərkəzinə çevriləcək, Arktika mövzusu isə Aİ-nin rəsmi təhlükəsizlik sənədlərində daha açıq şəkildə yer alacaq. Proqnozlara görə, uzunmüddətli baxışda isə Şimal dənizi modeli Baltik və Aralıq dənizi kimi digər hövzələr üçün nümunə rolunu oynaya bilər.

Beləliklə, Hamburq Sammiti göstərdi ki, Avropa artıq enerji və təhlükəsizlik məsələlərini ayrı-ayrılıqda deyil, vahid geosiyasi çərçivədə düşünür. Şimal dənizi bu yeni yanaşmanın sınaq meydanına çevrilərək Avropanın gələcək strateji xəttinin konturlarını formalaşdırır.

Səbuhi MƏMMƏDOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью