Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadi artımın qarşıdakı illərdə də davam edəcəyini, inflyasiyanın isə nisbətən sabit qalacağını gözləyir. Bu barədə qurumun 2026-cı ilin oktyabr ayında dərc etdiyi hesabatda bildirilib.
Regional iqtisadi icmala əsasən, Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7 faiz, 2027-ci ildə 2,3 faiz, 2031-ci ildə isə 2,5 faiz artacağı proqnozlaşdırılır. Qurumun qiymətləndirməsinə görə, neft sektorunda hasilat məhdudiyyətləri və büdcə konsolidasiyası siyasəti iqtisadi artımın tempinə təsir göstərir. Regional iqtisadi icmala əsasən, Azərbaycan və Qazaxıstanın xarici iqtisadi mövqelərinin gözləniləndən daha sürətlə yaxşılaşması əsasən neft gəlirlərinin artması ilə əlaqədardır.
Bununla yanaşı, Beynəlxalq Valyuta Fondu Azərbaycanda qiymət sabitliyinə dair müsbət məqamları vurğulayıb. Hesabatda ölkədə inflyasiyanın regionun bir sıra dövlətlərindən fərqli olaraq nisbətən sabit qaldığı bildirilib.
BVF Azərbaycanın xarici iqtisadi mövqeyinin də 2026-cı ildə əvvəlki proqnozlarla müqayisədə daha sürətlə yaxşılaşacağını gözləyir. Qurum ölkəmizdə fiskal konsolidasiya siyasətinin davam etdiriləcəyini proqnozlaşdırır. Fondun qiymətləndirməsinə görə, Azərbaycan və Qazaxıstan 2026-cı ildə bu istiqamətdə tədbirlərin icrasını davam etdirəcək.
XQ