BVF xəbərdarlıq edir: Qlobal borc üçün həyəcan təbili çalınır

14.10.2026

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Artan borclanma xərcləri dövlət maliyyəsinə təzyiqi gücləndirir və büdcə kəsirinin azaldılması istiqamətində etibarlı tədbirlərin görülməsini daha da aktuallaşdırır.

Banco.az xəbər verir ki, BVF Maliyyə Monitorinqi Hesabatı ilə bağlı bloq yazısında yüksək dövlət borcu ilə faiz dərəcələri arasındakı qarşılıqlı təsirin gücləndiyinə diqqət çəkib.

Qeyd olunub ki, borc səviyyəsinin yüksək olduğu şəraitdə faiz dərəcələrinin artması büdcə kəsirini və dövlət borcunun həcmini daha da yüksəldə bilər. Eyni zamanda, yüksək borclanma səviyyəsi bazar faiz dərəcələrini dövlət maliyyəsindəki dəyişikliklərə qarşı daha həssas edir.

BVF-nin təhlilində ABŞ-dan əldə edilən məlumatlara da istinad olunub. Bildirilib ki, son illərdə uzunmüddətli faiz dərəcələri ilə bağlı gözləntilər proqnozlaşdırılan dövlət borcunun həcminə daha həssas olub.

Hesabatda əsas inkişaf etmiş iqtisadiyyatlarda uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyinin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. G7 ölkələrində 10 illik dövlət istiqrazlarının orta gəlirliliyi fevral-sentyabr aylarında 1 faiz bəndindən çox yüksələrək təxminən son 20 ilin ən yüksək səviyyəsinə çatıb.

BVF-nin proqnozuna əsasən, qlobal dövlət borcunun 2030-cu ilə qədər dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 100%-ni keçəcəyi gözlənilir. Bu səviyyə sonuncu dəfə İkinci Dünya müharibəsindən dərhal sonra qeydə alınıb.

Fondun qiymətləndirməsi göstərir ki, borclanma xərclərinin artdığı şəraitdə dövlətlərin maliyyə dayanıqlılığının qorunması və büdcə siyasətinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью