BVF: Yaponiya 2027 ci ildə qlobal ÜDM reytinqində 6 cı yerə düşəcək

15.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Pekin, 15 oktyabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (BVF) Yaponiyanın iqtisadiyyatının 2027-ci ildə qlobal reytinqdə Hindistan və Böyük Britaniyadan geri qalaraq 6-cı sıraya düşə biləcəyinə dair proqnoz verib.

AZƏRTAC xəbər verir ki, fondun son iqtisadi proqnozuna əsasən, 2027-ci ildə Yaponiyanın nominal ümumi daxili məhsulu (ÜDM) 4,46 trilyon ABŞ dolları təşkil edəcək.

BVF hesab edir ki, 2026-cı ilin yekununda Yaponiya ABŞ, Çin və Almaniyadan sonra dördüncü yerdə qərarlaşacaq. Lakin gələn il Hindistanda nominal ÜDM-in 4,52 trilyon dollara, Böyük Britaniyanınkının isə 4,48 trilyon dollara çatacağı gözlənilir. Həm Hindistan, həm də Böyük Britaniyanın Yaponiyadan daha yüksək iqtisadi artım nümayiş etdirəcəyi ehtimal olunur. Eyni zamanda, milli valyuta olan yenin zəifləməyə davam etməsi Yaponiyada ÜDM-in ABŞ dolları ifadəsindəki dəyərini azaldacaq.

Ölkə əhalisinin azalma tendensiyasının davam edəcəyi gözlənildiyi bir vaxtda Yaponiya investisiyaları artırmaq və məhsuldarlığı yüksəltmək yolu ilə iqtisadi artımı sürətləndirmək çağırışı ilə üz-üzədir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью