Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
BYD şirkəti ilə elektrik mühərrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalanıb.
İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya bildirilib ki, müqaviləyə əsasən Azərbaycanda yerli istehsalın qurulması və 2030-cu ilədək mərhələli şəkildə lokallaşdırma səviyyəsinin 40%-ə çatdırılması planlaşdırılır.
Enerji səmərəliliyinin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması ölkəmizin dayanıqlı inkişafında əsas hədəflərdəndir.
Bu məqsədlə İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat və Maliyyə nazirlikləri tərəfindən ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində müvafiq işlər görülür.
Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib.
Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə icraçı direktoru Çao Şuan, SARDA Group şirkətinin təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar.
Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur.