Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
C vitamininin orqanizm tərəfindən yaxşı mənimsənilməsi üçün xüsusi qəbul saatına və ya bahalı preparatlara ehtiyac yoxdur. Həkimlərə görə, bu vitaminin əsas mənbəyi müxtəlif və balanslı qidalanma olmalıdır. Yüksək dozada C vitamini qəbul etmək isə immuniteti əlavə gücləndirmir, əksinə, həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın terapevti Kseniya Noçevnaya gazeta.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, C vitamini kollagenin yaranmasında, toxumaların sağalmasında, immun sisteminin fəaliyyətində və antioksidant müdafiədə mühüm rol oynayır. Bundan başqa, bitki mənşəli qidalarda olan dəmirin orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdırır.
Mütəxəssis qeyd edib ki, C vitamininin ən yaxşı mənbəyi bolqar bibəri, qara qarağat, itburnu, kivi, sitrus meyvələri, brokoli, kələm və göyərtidir. Tərəvəz və meyvələrdən vitaminlə yanaşı, lif və digər faydalı maddələr də əldə edilir.
Həkim bildirib ki, C vitamini uzun müddət istiliyə məruz qaldıqda, saxlanıldıqda və su ilə təmasda olduqda öz xüsusiyyətlərinin bir hissəsini itirə bilər. Buna görə də bəzi tərəvəz və meyvələrin təzə halda yeyilməsi, digər məhsulların isə uzun müddət bişirilməməsi tövsiyə olunur. Dondurulmuş giləmeyvələr də C vitamininin yaxşı mənbəyi hesab edilir.
Onun sözlərinə görə, həkim tərəfindən əlavə preparat tövsiyə edildiyi halda, C vitaminini səhər və ya axşam qəbul etmək mümkündür. Acqarına və ya yeməklə birlikdə qəbul edilməsinin də ciddi fərqi yoxdur. Lakin mədəsi həssas olan insanlarda askorbin turşusu qıcqırma, ürəkbulanma və narahatlıq yarada bilər. Belə hallarda preparatın yeməkdən sonra qəbulu daha məqsədəuyğundur.
Mütəxəssis əlavə edib ki, orqanizmin C vitaminini mənimsəmə imkanları məhduddur. Orta dozada qəbul edilən vitaminin təxminən 70–90 faizi mənimsənilir. Birdəfəlik qəbul edilən doza 1 qramı keçdikdə isə bu göstərici 50 faizdən aşağı düşür. Artıq miqdar sidik vasitəsilə orqanizmdən xaric edilir.
Həkim xəbərdarlıq edib ki, bir neçə qram C vitamini qəbul etmək immun müdafiəsini gücləndirmir, əksinə, ishal, qarın ağrısı və spazmlara səbəb ola bilər.
Noçevnayanın sözlərinə görə, sağlam insanların əksəriyyəti üçün liposomal və digər bahalı C vitamini formalarının adi askorbin turşusu ilə müqayisədə üstünlüyü sübut edilməyib. Bu preparatlar arasında əsas fərq onların orqanizm tərəfindən qəbul edilmə xüsusiyyətləri ilə bağlı ola bilər.
Həkim C vitamininin paxlalılar, qarabaşaq, göyərti və tam taxıllı məhsullar kimi bitki mənşəli dəmir mənbələri ilə birlikdə qəbulunu da faydalı hesab edib. Bu, dəmirin mənimsənilməsini yaxşılaşdırır. Dəmir çatışmazlığının müalicəsi zamanı isə preparatların birlikdə qəbulu həkimlə dəqiqləşdirilməlidir.
NURİYYƏ