Çağdaş nəslin qeyrət savaşı, öyünc salnaməsi

29.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis olunmuş Anım günü Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunub. Bu tarix 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinin ilk günüdür. Bu tarixi qədirbilənlik sənədinin imzalanmasında məqsəd Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etməkdir.

Ötən 6 ildə ildə olduğu kimi, bu il də 27 Sentyabr Anım günü Azərbaycan xalqı ölkəmizin azadlığı, ərazilərimizin bütövlüyü və suverenliyimizin tam bərpası uğrunda döyüşlərdə canından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdi. Ölkə ərazisində bütün təşkilat, müəssisə və qurumlarda anım mərasimləri keçirildi, Vətən qurbanlarının məzarları, onların şərəfinə qoyulmuş abidələr ziyarət edildi.

Bütün bunlar, ilk növbədə, gözlərimiz önünə 2020-ci ilin payızını, 44 günlük Zəfər yürüşünün başlanğıcı olmuş 27 sentyabr gününü gətirdi. O günü ki, dövlət başçısının əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı işğalçı Ermənistanın irimiqyaslı təxribatına cavab olaraq, cəbhəboyu bölgələrdə əks-hücum əməliyyatlarına başlamışdı. Bu müqəddəs yürüşün hər günü xalqımızı igid oğullarımızın canı-qanı bahasına qazanılmış qələbələrlə sevindirmiş, tarixə misilsiz rəşadət nümunələri kimi yazılmışdı.

Vətən müharibəsi şəhidlərindən danışanda, adətən, onların keçdiyi yollar – işğaldan azad edilən kəndlər, rayonlar göz önünə gəlir. İlk gündən Zəfərədək silaha sarılan, hətta Qələbədən də sonra düşmən gülləsinə tuş gələn şəhidlərimiz də var, cəmi 1 gün ərzində göstərdiyi şücaətlə qəhrəmanlıq səviyyəsinə yüksələn şəhidimiz də. Onlar Vətənin işğaldan azadlığı yolunda vuruşdular, müqəddəs torpaqlarımızı 30 illik əsarətdən xilas etdilər.

Azərbaycanda elə nəsil tapmaq olmaz ki, onun doğmasından, yaxınından kimsə Qarabağ uğrunda savaşda iştirak etməsin. İgidlərimiz 2020-ci ilin qanlı-qadalı günlərində Murovda, Tərtərdə, Ağdərədə, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Qubadlıda və digər işğalda qalan ərazilərimizdə meşələrdə, dağlarda, dərələrdə addım-addım irəliləyirdilər. Döyüşçülərimiz ağac budaqlarından döşək, yarpaqlarından yorğanla gecəni keçirir, qarda, yağışda irəli gedirdilər. Hər dəfə onlara valideynləri zəng edib “ehtiyatlı ol, bala” – söyləyəndə “Nigaran qalmayın. Bir canımız var–Vətənə qurban. Evdən ya qazi, ya da şəhid olmağa çıxmışıq, Az qalıb, tezliklə qələbə xəbərini eşidəcəksiniz” – deyib onlara təskinlik verirdilər.

Xalqımızın müdrik və qətiyyətli lider ətrafında dəmir yumruğa döndüyü o günlərdən 6 il keçib. Hər dəfə müharibədən söz düşəndə o günləri müharibə haqqında çəkilmiş filmlərin simvolu kimi xatırlayırıq. Müharibə deyiləndə gözümüz önünə yalnız üz-üzə dayanan hərbçilər yox, sıraya düzülmüş tanklar, onların ardınca gedən çiyni silah-sursat dolu igidlərimiz, nə qədər ağır və ağrılı olsa da, Azərbaycan Bayrağına bükülmüş tabutlar gəlir.

Həmin günlərdə hamının gözü televiziyaya dikilmişdi. Hamı cəbhədən yeni- yeni xəbərlər – Prezident İlham Əliyevin azad edilən kəndlər haqqında son məlumatlarını həsrətlə gözləyirdi. Hər kənd, hər qəsəbə işğaldan azad edildikcə, qələbəyə ümidimiz bir az da artırdı. Qapıları Azərbaycan bayrağına bükülmüş şəhid tabutları döydükcə insanlar nə qədər sarsılsalar da, cəbhədəkiləri qələbəyə ruhlandırırdılar. Həmin günlərdə el bir oldu, xalq arxa cəbhədə bir yumruq kimi birləşdi.

Cəbhəyanı rayon və kəndlərdə çörəyini, xörəyini döyüşən əsgərlərimizlə böldülər. Yaralıların xəstəxanalara, hospitallara daşınmasında yardımçı oldular. Gecələr tibb müəssisələrində yaralı əsgərlərimizin keşiyini çəkib onlara xidmət etdilər. Qələbəyə gedən yol qısaldıqca, döyüşçülərimizdə ruh yüksəkliyi gündən-günə artırdı. Noyabrın 8-də Şuşanın azad edilməsi Zəfərə imza vuruldu və illərlə yurd-yuvasına həsrət qalan məcburi köçkünlərin intizarına son qoyuldu.

Nəhayət, işğal edilən ərazilərdə tikinti-quruculuq, təmir-bərpa işlərinə başlandı. Düşmənin xarabaya çevirdiyi kənd və qəsəbələrimizdə həyat qaynamağa başladı. Köçkünlərimiz növbəlilik qaydasında yeni tikilən evlərə köçüb yurd həsrətlərinə son qoydular. Zəfər yolu çəkildi, aeroport açıldı, xəstəxanalar, məktəblər işə salındı, Qarabağ Universiteti tələbələrə qucaq açdı.

Bir sözlə, köçkünlərin “Qarabağ əvvəlki görkəmindən də gözəl olacaq” fikrinə inamları artdı. İndi Şuşada, Füzulidə, Xankəndidə, Xocalıda, Zəngilanda və digər azadlığına qovuşan ərazilərimizdə həyat əvvəlki axarına qayıdıb. Qarabağ toy-büsatlı günlərinə qovuşub.

Bu günləri bizə yaşadan şəhidlər isə unudulmur. Canlarını Vətənin azadlığı uğrunda qurban verənlərin döyüş yolunu əks etdirən filmlər çəkilir, onların həyat və hərb yolu ictimaiyyətə çatdırılır. Şəhidlərimizin ailələri dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunub. Onların övladları bizə əmanətdir. Qədirbilən xalqımız, müstəqil dövlətimiz vətən yolunda canlarından keçmiş şəhidlərimizi heç zaman unutmayacaq.

Zərifə BƏŞİRQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью