Çağırışçılar da müayinəyə pul ödəməlidir: “Kimsə desə yoxdur, geri qayıdır”

03.06.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hərbi çağırışçıların tibbi müayinəsinin1-ci mərhələsində - təxminən 1 ay əvvəl Beyləqan xəstəxanasında üzləşdiyimiz məşəqqətli, təxminən 1 bütöv gün çəkən prosedur barədə yazmışdım. 

Bu gün 2-ci mərhələni "Respublika" xəstəxanası kimi tanınan mərkəzdə keçməli olduq. Rayondakından daha dəhşətli fəlakət”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. İqtisadçı qeyd edib ki, ixtisaslaşmış müayinə tələbə edən bəzi xəstəliklər üçün insanlar həmin xəstəxanaya gəlirlər: 

“Təsəvvür edin, bütün ölkə burada, iynə atsan insan əlindən yerə düşməz. Bu gün növbə tutanların xeyli hissəsi sabaha qalmalı olurlar. Düşünün ki, ucqar rayondan gələn valideyn və övladının burda qalacağı bir dost-tanış-qohumu, mehmanxanaya da verməyə pulu yoxdur. 

Hər rayonda olmasa da, ən azından regional olaraq çağırışçılar üçün ixtisaslaşmış müayinəni təmin edəcək şərait yoxdur. Əslində bu vəziyyət əyalətlərdə səhiyyənin hansı vəziyyətdə olduğunu göstərir. Bunları da keçdim, daha utancverici başqa bir məsələyə çatdım: 

KT (Kompüter Tomoqrafiyası) aparatından keçmək üçün çağırışçılardan tibbi sığorta ödənişinin 20%-i qədər vəsait tələb olunur - təxminən 12 manat. Hərbi çağırış məqsədli tibbi prosedurlar nədən 100% icbari sığorta hesabına olmamalıdır? Kimsə desə pulum yoxdur, geri qayıtmalı, onu mütləq hardansa tapmalıdır.

Ən pisi, sizdən tələb edirlər ki, pul mütləq kartla ödənməlidir. İlk baxışdan şəffafllığa xidmət üçün bunu yaxşı addım sayanlar tapıla bilər. Amma bu ödənişdən xəbərsiz, ucqar kənddən gəlmiş bir insanın cibində kart yoxdursa, nə etməlidir? 

Orda təklif edirlər ki, çıxın bayıra, mütləq xahiş-minnətlə kart olan birini tapın, siz ona nağd ödəyin, o da sizin əvəzinizə köçürmə eləsin. Bizdə idarəetmə bütün anlayışları tərsinə anladığı üçün görünür, TƏBİB-in də şəffaflıq anlayışı bu qədərdir”. 

O bildirib ki, qarşıda müayinənin 3-cü mərhələsi (Sosial-Ekspert Komissiyası) var: “Görək orda nələr olacaq”. 

Nigar 
“Cebheinfo.az”

Açar sözlər: çağırışçılar Rövşən Ağayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью