Cahangir Mehdiyev kişilərdən danışdı

13.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“İşlərim yaxşı gedir. Sadəcə, İttifaqın işləri ilə əlaqədar bir qədər fasilə vermişdim. Mənim yubileyim də keçirilməlidir. Amma dedim ki, mənə yubiley lazım deyil. Əvvəlcə İttifaqla bağlı işlərimizi qaydaya salmalıyıq, sonra yubiley haqqında düşünərik. Mən şəxsi məsələləri çox xoşlamıram. Sağ olsun, milli kinomuz mənə dəstək verir, məni yaşadır. Ancaq ilk növbədə cəmiyyəti, ictimaiyyətimizi düşünmək, onun problemlərini həll etmək lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında kinorejissor, aktyor və ssenarist Cahangir Mehdiyev deyib. Sənətçi bildirib ki, müvəqqəti fasilədən sonra yaradıcılıq fəaliyyətini davam etdirəcək: “Bir qədər işlərimi saxladım. Çünki bundan sonra, Allah qoysa, yavaş-yavaş başlayacağam və işlərimi davam etdirəcəyəm”.

Cahangir Mehdiyev “Kişi sözü” filminin ikinci hissəsinin çəkilişi ilə bağlı da danışıb. O bildirib ki, filmin ərsəyə gəlməsi üçün ilk növbədə yaradıcı şəraitin formalaşmasına ehtiyac var: “Yox, hələ saxlamışam. Nə xəbər olsun? Bunun üçün mənə şərait lazımdır, şərait yaradılmalıdır.
Ən azı, sovet dövründə rejissor üçün müəyyən şərait yaradırdılar. O şərait olsa, əlbəttə, film çəkərəm. Çünki biz bilirik ki, mənim kifayət qədər yaşım var, vaxt da gedir. Şərait olmasa, zaman olmasa, yaxşı film çəkmək mümkün deyil. Biz vaxtilə bir aya təzə film çəkirdik. Amma müəyyən prinsiplər var, mən həmin prinsiplərdən güzəştə getmirəm. Hələlik yaradıcı şəraitin yaranmasını gözləyirəm. İnsanlar, yaradıcı qüvvələr arasında ünsiyyət, səmimiyyət, məhəbbət və hörmət olmalıdır. O zaman böyük işlər, böyük fikirlər ortaya çıxır”.

Cahangir Mehdiyev “Kişi sözü” ifadəsinin bu gün də öz aktuallığını qoruyub-qorumadığı barədə suala da münasibət bildirib: “Əlbəttə, kişi sözü qalıb. Olmasa, yaşamağın mənası olmaz. Hətta əvvəlkindən də yaxşı qalır. Sadəcə, ona əməl etmək lazımdır. Söz verdinsə, gərək əməl edəsən.

Əlbəttə, qadın sözü də ola bilər. Mən bunu bir neçə dəfə demişəm. Əsas məsələ hansı cinsdən olmaq deyil. Əsas odur ki,insanın xarakteri olsun, əqidəli olsun, verdiyi sözün arxasında dayansın. Məsələn, bizim Şəfiqə Məmmədova kimi. O, axıra qədər mübarizə apardı və dövlətçilik, qanunlar çərçivəsində həqiqətə nail oldu.

Nə üçün qadındır deyə onun sözü kişi sözü olmasın? Qadınlardan da eləsi var ki, bir çox kişidən daha mərd, daha cəsarətlidir”.

Aktyor “Kişi sözü” filmindəki xoruz obrazına da toxunaraq bildirib ki, bu detal əslində kişinin xarakterinə dair mühüm mesaj verir: “Kişi sözündə bir məqam var. Xoruz uçub stolun üstünə qonur. Qasım obrazı deyir: “Xoruz- cinsi kişidir, əbəs yerə banlamaz”. Kişinin əməli ilə sözü bir olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью