Çalışın 2030 a qədər ölməyin!

24.08.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xərçəng fərdiləşəndə

“Kitab Adam” layihəsi çərçivəsində Bakıda Ürfan Məmmədli ilə söhbət edərkən “Çalışın 2030-cu ilə sağ qalın, çünki tibb 3-4 ilə elə inkişaf edəcək ki, bütün dərdlərin davası tapılacaq” demişdim. Bizim sosial-şəbəkələrin “növbətçi qaragüruhu” boş-boş fikirlər səsləndirdilər. Bu kiçik qeydlərimi onlara cavab olaraq yazmıram…

Bu ayın ortalarında Amerika şirkətləri “Moderna” və “Merck” bir xəbər açıqladılar və yer yerindən oynadı.

Xəbər ilk baxışdan elmi-fantastikaya bənzəyir: dəri xərçənginin ən təhlükəli forması olan melanomaya qarşı fərdi hazırlanmış bir mRNA peyvəndi, geniş yayılmış immunoterapiya dərmanı “Keytruda” ilə birlikdə tətbiq edildikdə, xəstəliyin geri qayıtmasını əhəmiyyətli dərəcədə yavaşlatdı. 

1137 xəstənin iştirak etdiyi böyük bir klinik sınaqda əldə olunan bu nəticə indiyədək bu sahədə görülən ən inandırıcı sübutlardan biri sayılır. Daha əvvəlki, kiçik miqyaslı sınaqda rəqəmlər daha da çarpıcı idi: peyvənd əlavə edildikdə, xəstələrin ölüm və xəstəliyin geri qayıtma riski, təkcə “Keytruda” alanlarla müqayisədə, demək olar ki, yarıya enmişdi.

“Keytruda” artıq illərdir dünyada geniş istifadə olunan, xərçəng hüceyrələrinin immun sistemdən "gizlənmək" üçün qurduğu hiyləni pozan bir dərmandır. Xərçəng hüceyrələri bədənin öz mühafizəçilərini – T-hüceyrələrini çaşdırıb yatırtmağı bacarır; Keytruda isə həmin yatırdıcı siqnalı bloklayaraq immun sisteminə "oyan, düşmən buradadır" deyir. Yeni peyvənd isə bu oyanmış immunitetə konkret hədəf göstərir.

Bu möcüzənin arxasında iki Nobel mükafatının izi var. 2018-ci ildə amerikalı alim Ceyms Allison və yapon alim Tasuku Honco məhz bu "immun əyləci açma" prinsipini kəşf etdikləri üçün Nobel mükafatına layiq görülüblər. “Keytruda” kimi preparatların əsası da elə bu kəşfdir. 2023-cü ildə isə macarıstan əsilli Katalin Kariko və Dryu Vaysman isimli amerikalı alimlər uzun illər ciddiyə alınmayan mRNA texnologiyasını işlək hala gətirdikləri üçün Nobel mükafatı qazanıblar. Bu gün o iki kəşf bir-birinə calanıb, tək bir iynədə birləşir.

Onəmli bir xüsusr: bu peyvəndi əczaxanada satılmayacaq. Çünki peyvənd cərrahiyyə əməliyyatı zamanı xəstədən götürülmüş şiş toxumasının öyrənilməsi və şişə məxsus, başqa heç kimdə təkrarlanmayan xüsusiyyətlərə uyğun, yalnız konkret o xəstən üçün laboratoriyada hazırlanan mRNA-nın sintez edilməsi yolu ilə yaradılır. Bu proses həftələr çəkir və nəticədə ortaya çıxan doza, sözün əsl mənasında, yalnız bir nəfərə aiddir – təkrarlana bilməyən, kütləvi istehsal oluna bilməyən, satıla bilməyən fərdi "resept".

Bütün bunlar əslində tibbin son on ildə keçdiyi inqilabi yeniliklərə kiçik bir nümunədir. Bir zamanlar həkimlər hansısa konkret xəstəliyə minlərlər pasientə eyni dərmanı yazırdı; indi isə tibb get-gedər "fərdi tibb" adlanan bir dövrə keçir – hər insanın genetik xəritəsinə, hətta onun şişinin özünəməxsus mutasiyalarına görə ayrıca müalicə hazırlanır. Bu sürət o qədər böyükdür ki, bir neçə il əvvəl elmi fantastika sayılan şey bu gün klinik sınaq nəticəsinə çevrilib.

Nəticələr Moderna səhmlərinin bir gündə iki dəfədən çox bahalaşmasına səbəb oldu; indi eyni metod böyrək, sidik kisəsi və ağciyər xərçəngləri üçün də sınaqdan keçirilir.

Dostlar, çalışın 2030-a qədər ölməyin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью