Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın “Roma” klubu yeni ev arenası layihəsində mühüm irəliləyiş əldə edib. Paytaxt təmsilçisi yeni stadionun inşası üçün Roma şəhər rəhbərliyindən rəsmi icazə alıb.
Futbolpress.az xəbər verir ki, klubun yaydığı rəsmi bəyanatda əsas məqsədin həm komandanın, həm də şəhərin zəngin tarixinə və iddialarına cavab verən modern, ekoloji cəhətdən dayanıqlı arena ərsəyə gətirmək olduğu bildirilib.
Klubdan verilən məlumata görə, yeni stadion təkcə komanda və fanatlar üçün doğma məkan rolunu oynamayacaq. Arena ətraf ərazinin yenidən qurulmasına, infrastrukturun inkişafına və bütövlükdə Roma sakinlərinə uzunmüddətli sosial-iqtisadi fayda verməyə hesablanıb.
Hazırda “Roma” və prinsipial rəqibi “Latsio” ev oyunlarını İtaliya Milli Olimpiya Komitəsinə məxsus 70 634 nəfərlik “Olimpiko” stadionunda keçirirlər. “Roma”nın inşa ediləcək yeni şəxsi arenasının isə 60 605 azarkeş tutumuna malik olacağı nəzərdə tutulub.