“Çandra” Böyük Britaniyada daşqınlara səbəb olub

27.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 27 yanvar, AZƏRTAC

Leysan yağışlar, güclü küləklər Böyük Britaniyanı cənginə alıb. Güclü “Çandra” fırtınası genişmiqyaslı hava xəbərdarlıqları ilə müşayiət olunur.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, sinoptiklər daşqınlar, nəqliyyatın hərəkətində ciddi fasilələr və təhlükəli hava şəraiti ilə bağlı yeni xəbərdarlıqlar yayıblar.

Dorset, Somerset və Şərqi Devon qraflıqlarında bir sıra avtomobil yolları daşqınlar səbəbindən bağlanıb. Şimali İrlandiyada yüzlərlə məktəb fəaliyyətini dayandırıb. Belfast Siti hava limanında onlarla uçuş ləğv edilib. Bir sıra bölgələrdə dəmir yolu nəqliyyatında ciddi gecikmələr və xidmətlərin dayandırılması qeydə alınıb.

Şimali İrlandiyanın şərq sahilləri üçün küləklə bağlı narıncı xəbərdarlıq qüvvədədir. Ümumilikdə ölkə üzrə yeddi müxtəlif hava xəbərdarlığı elan olunub.

İngiltərənin şimal bölgələrində və Şotlandiyada dağlıq ərazilərə qar yağıb. Bəzi yerlərdə çovğun gözlənildiyi bildirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью