Canını Vətənə fəda edən igid

30.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpa olunması uğrunda canını fəda edən qəhrəman övladlarımızdan biri də İbrahimov Mirələkbər Mirələsgər oğludur. Mirələkbər İbrahimov gənc yaşlarından xalqına, torpağına bağlılığı və yüksək vətənpərvərlik ruhu ilə seçilmişdir. Hərbi xidmət dövründə nizam-intizamı, cəsarəti və verilən tapşırıqları dəqiq yerinə yetirmək bacarığı ilə komandir və döyüş yoldaşlarının hörmətini qazanmışdır.Vətən torpaqlarının azad olunması məqamı çatdıqda Mirələkbər də ön sıralarda yer alaraq döyüş tapşırıqlarını əzmlə icra etmiş, düşmənə kəsərli zərbələr endirilməsində fəal iştirak etmişdir.

İbrahimov Mirələkbər Mirələsgər oğlu 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində doğulmuşdur. Birinci sinfə doğma kəndlərində getmişdir. Sonra ailələri Bakıya köçmüşdür. 1978-ci ildə Bakıdakı 158 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. 1980-ci ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman və Hərbi Hazırlıq fakültəsinə daxil olmuşdur. Təyinatı Lənkərana idi. O, üç il burada müəllim işləyir. Sonra isə Bakıya qayıdır və 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir.

1990-cı ilin 20 Yanvar hadisəsindən sonra özünə yer tapa bilmirdi. Daşaltı, Malıbəyli, Kərkicahan qırğınlarından sonra cəbhəyə getməyi qərara aldı. Bu məqsədlə o, Yasamal rayon Hərbi Komissarlığına müraciət etdi. 1993-cü ildə onu yenicə yaradılmış 5-ci Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə iştirak edərək, mərdliklə vuruşur.

5 mart 1994-cü il… Mirələkbərin son döyüşü… Döyüşçülərimiz Qorqan kəndini erməni işğalçılarından azad edib, bir az dincəlməyi qərara almışdılar. Elə bu vaxt kəşfıyyatçı xəbər gətirdi ki, yaraqlılar iki kəndi işğal ediblər. İgid komandir öz döyüşçüləri ilə silaha sarıldı. Ağır döyüş başlandı. Döyüşçülərimiz yorulmağına baxmayaraq fədakarlıqla düşmənə müqavimət göstərirdi. Nəhayət hücum öz bəhrəsini verdi. Hər iki kənd geri qaytarıldı. Lakin düşmən gülləsi Mirələkbərdən yan ötmədi. O, Füzuli döyüş bölgəsində gözlərini əbədi yumdu.

Bir övladı yadigar qalıb.

Döyüş əməliyyatları zamanı göstərdiyi şücaət və fədakarlıq Mirələkbər İbrahimovun vətənə olan sonsuz sevgisinin bariz nümunəsidir. O, torpaqlarımızın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadət şərbətini içmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Vaxtilə dərs dediyi 153 saylı orta məktəb adını daşıyır.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью