Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İsveçrənin Bazel Universitetinin alimləri insan orqanizmində dokulara oksigen və qida maddələri daşıyan qan damarlarının tam olaraq necə formalaşdığını aşkar ediblər. "Danio" balıqları üzərində yüksək dəqiqlikli canlı çəkiliş texnologiyası vasitəsilə aparılan tədqiqat zamanı alimlər ilk dəfə olaraq ayrı-ayrı damar hissələrinin vahid bir boruya necə qovuşduğunu canlı izləyə biliblər.
Aşkar edilib ki, prosesdə əsas rolu damarların daxili divarını təşkil edən endotel hüceyrələri oynayır. Bu hüceyrələr "lamellipodiya" adlı xüsusi çıxıntılar vasitəsilə tırtılın hərəkətinə bənzər "itələ-çək" mexanizmindən istifadə edirlər. Çıxıntı əvvəlcə hüceyrəni irəli təkanlayır, sonra lövbər kimi qonşu hüceyrəyə bərkiyir və gərilmə qüvvəsi hüceyrənin arxa hissəsini önə çəkir. Bu təkrarlanan dövriyyə nəticəsində damarın daxili mənfəzi (boşluğu) mərhələli şəkildə genişlənir.
Prosesdə ikiqat funksiya yerinə yetirən "VE-kadqerin" molekulu xüsusi əhəmiyyət kəsb edir. O, bir tərəfdən hüceyrələri yapışqan kimi bir-birinə bağlayaraq damarın dağılmasına imkan vermir, digər tərəfdən isə onların hərəkətini və yenidən qurulmasını təmin edir.
Damarlar demək olar ki, bütün daxili orqanların inkişafını müşayiət etdiyindən, bu kəşf regenerativ təbabət üçün böyük perspektivlər açır. Əldə olunan məlumatlar laboratoriya şəraitində real qan damarlarına malik tamfunksiyalı süni toxuma və orqanoidlərin yetişdirilməsini mümkün edəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ