Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qəzetlərə marağın azalması təkcə Azərbaycanda deyil, bu, bütün dünyada müşahidə olunan ümumi tendensiyadır. Bunun isə təbii səbəbləri var.
Əsas səbəb – yeni və daha operativ informasiya mənbələrinin meydana çıxması, alternativlərin çoxalmasıdır.
Hazırda informasiya axtaran və ya reportaj, müsahibə oxumaq istəyən insanlar heç bir məsafə qət etmədən, pul xərcləmədən, hazır və operativ şəkildə məlumat əldə etmək imkanına malikdirlər”.
Bunu Gununsesi.info-ya açıqlamasında “Türküstan” Media Qrupunun rəhbəri jurnalist Aqil Camal deyib.
Jurnalist vurğulayıb ki, 10–20 il əvvəlki dövrlə müqayisədə bu gün televiziyalar, internet televiziyaları, xəbər saytları və xüsusilə sosial şəbəkələrin sürətli inkişafı digər media vasitələrini arxa plana keçirmişdir: “Artıq informasiya axtaran auditoriya bu mənbələrə üstünlük verir.
Belə bir şəraitdə çap mediası daha çox bir ənənənin və jurnalistika məktəbinin davamı kimi mövcuddur.
Eyni zamanda, qəzetlər tarix və arxiv baxımından da səlnamə rolunu oynayır.