Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paris, 2 fevral, AZƏRTAC
Fransanın informasiya texnologiyaları nəhəngi “Capgemini” ABŞ-da mübahisəli federal immiqrasiya polisi - ICE (Immigration and Customs Enforcement) ilə bağladığı müqavilələrə görə artan tənqidlər fonunda bu qurumla işləyən törəmə şirkətini satışa çıxardığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Capgemini”nin bildirdiyinə görə, ABŞ-da federal qurumlarla, xüsusilə məxfi fəaliyyətlər həyata keçirən strukturlarla əməkdaşlıq üçün tətbiq olunan hüquqi məhdudiyyətlər qrupun həmin törəmə şirkətin fəaliyyətinin bəzi aspektləri üzərində lazımi nəzarəti həyata keçirməsinə imkan vermir. “Bu səbəbdən “Capgemini” hesab edir ki, mövcud şəraitdə adekvat idarəetmə və nəzarət mümkün deyil”,- deyə şirkət açıqlamasında qeyd edir.
Bu qərar ötən həftə “Çoxmillətli Şirkətlərin Monitorinqi Mərkəzi” (L’Observatoire des multinationales) tərəfindən yayımlanan və “France 2” televiziya kanalı tərəfindən geniş işıqlandırılan araşdırmalardan sonra qəbul edilib. Həmin araşdırmada “Capgemini”nin ICE-yə xarici vətəndaşların identifikasiyası və yerinin müəyyənləşdirilməsi üçün texnoloji alət təqdim etdiyi iddia olunur.
Qeyd edək ki, ICE hazırda ABŞ prezidenti Donald Tramp tərəfindən aparılan genişmiqyaslı anti-immiqrasiya kampaniyasının əsas icraçı qurumlarından biridir. Bu kampaniya çərçivəsində son dövrlərdə iki ABŞ vətəndaşının ölümü ilə nəticələnən hadisələr baş verib ki, bu da qurum ətrafındakı mübahisələri daha da gücləndirib.