Cari ildə qlobal təbii qaz tələbatı 1,5 faiz azalaq Hesabat

03.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 noyabr, AZƏRTAC

Xüsusilə Şimali Amerikadan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün artması və daha çevik ticarət mexanizmləri Hörmüz boğazı ətrafında yaranmış təchizat böhranının təsirlərini yumşaltmağa kömək etsə də, qlobal qaz təchizatının təhlükəsizliyi ilə bağlı risklər hələ də yüksək olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Bildirilir ki, Avropa qitəsi qış mövsümünə son 10 ildən artıq müddətdə ən aşağı səviyyədə təbii qaz ehtiyatları ilə daxil olur. Bu vəziyyət qlobal qaz bazarında mövcud gərginliyin 2027-ci ilin sonunadək davam etməsinə səbəb ola bilər.

Hesabatda son onillikdə baş verən struktur dəyişikliklərin qlobal qaz bazarını necə yenidən formalaşdırdığı, eləcə də bəzi regionlardakı idxalçı ölkələrin Yaxın Şərqdəki hazırkı münaqişə nəticəsində yaranan təchizat şokunun təsirlərinə necə müqavimət göstərdiyi təhlil olunur. Qeyd edilir ki, 2016-cı ildə ilk dəfə dərc olunmuş Qaz Təhlükəsizliyinin İcmalının hazırlanmasından ötən müddətdə qlobal qaz bazarı əhəmiyyətli dərəcədə dəyişib. Bazar daha çevik, likvid və qarşılıqlı əlaqəli xarakter alsa da, eyni zamanda daha mürəkkəb olub.

Spot ticarətin genişlənməsi və təyinat məntəqəsinin dəyişdirilməsinə imkan verən mayeləşdirilmiş təbii qaz müqavilələrinin payının artması regional bazarlar arasında əlaqələri gücləndirib, təchizatın pozulması hallarının təsirlərini azaltmaq imkanlarını genişləndirib.

Bununla belə, Hörmüz boğazı vasitəsilə LNG daşımalarının faktiki dayanması, bu ilin mart-oktyabr aylarında Qətər və Birləşmiş Ərəb Əmirliklərindən yükləmələrin 60 milyard kubmetrdən çox azalmasına səbəb olub. Nəticədə Asiya və Avropada qaz qiymətləri 2022-2023-cü illərdəki qaz təchizatı böhranından bəri ən yüksək səviyyəyə çatıb.

Qlobal LNG təchizatı 3 faiz və ya 20 milyard kubmetr azalacaq

IEA-nın hesabatında agentliyin qaz bazarına dair son rüblük təhlili və yaxın dövr üçün yenilənmiş proqnozları da yer alıb. Proqnozlara əsasən, cari ildə qlobal LNG təchizatı 3 faiz və ya təxminən 20 milyard kubmetr azalacaq. Qlobal qaz tələbatının isə təqribən 1,5 faiz, başqa sözlə, 65 milyard kubmetrə yaxın azalacağı gözlənilir. Buna əsas səbəblər Yaxın Şərqdə tələbatın kəskin azalması, Avropada sənaye sektorunun qaz istehlakının aşağı düşməsi və Asiyanın bir sıra ölkələrində elektrik enerjisi istehsalında qazdan kömürə keçid olacaq.

Avropa İttifaqında qaz anbarları 2026-2027-ci illərin istilik mövsümünə 2013-cü ildən bəri ən aşağı doluluq səviyyəsi ilə daxil olur. Bu isə mövsümi tələbatın pik həddə çatdığı dövrlərdə regionun qlobal LNG tədarükündən asılılığını daha da artırır. Qarşıdan gələn qışın gözləniləndən soyuq keçməsi, texniki nasazlıqlar və ya digər təchizat pozuntuları baş verəcəyi təqdirdə Avropanın daha ciddi risklərlə üzləşməsi mümkündür.

Hesabatda vurğulanır ki, Avropada qaz ehtiyatlarının aşağı səviyyədə olması, Asiya və Cənubi Amerikada LNG idxal edən ölkələrin məhdud saxlama imkanları ilə birlikdə qarşıdakı aylarda məhdud sayda çevik LNG yükləri uğrunda rəqabəti gücləndirə və xüsusilə tələbatın yüksək olduğu dövrlərdə spot bazarda qiymətlərin artmasına səbəb ola bilər.

Bundan əlavə, Avropada ehtiyatların aşağı səviyyədə olması 2027-ci ilin yayında qaz anbarlarının yenidən doldurulması üçün daha böyük həcmdə qaz tədarükünü zəruri edə bilər. Bu amil qlobal bazarda təklif və tələbat arasındakı gərginliyin gələn ilin xeyli hissəsində davam etməsinə gətirib çıxara bilər.

Hesabatın nəticələri qlobal qaz bazarlarının daha çevik xarakter almasına baxmayaraq, qaz təchizatının təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha ön plana çıxarır.

IEA son onillikdə bu istiqamətdə fəaliyyətini genişləndirərək geosiyasi və bazar mürəkkəbliyinin artdığı şəraitdə üzv ölkələrin mümkün təchizat böhranlarına hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstək göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью