Icma.az, Ayna saytına istinadən bildirir.
Sövdələşmələrdən sonra “Carlsberg”in “PepsiCo” ilə tərəfdaşlıq etdiyi bazarların sayı 17-yə çatacaq
Danimarka pivə qrupu “Carlsberg” Gürcüstan və Ermənistanda “PepsiCo” içki şirkətlərini almağa razılaşıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sövdələşmə Gürcüstanın “Iberia Refreshments” şirkətinin “Revery” və Ermənistanın “JI Pepsi Cola Bottler Armenia” şirkətlərindən alınmasını əhatə edir. Sövdələşmənin şərtləri açıqlanmayıb. Ermənistan aktivinin alınması üçün yerli hökumətin təsdiqi də tələb olunur.
Sövdələşmələr bağlandıqdan sonra “Carlsberg”in “PepsiCo” ilə tərəfdaşlıq etdiyi bazarların sayı 17-yə çatacaq. Qrup Gürcüstan və Ermənistanla yanaşı, artıq “PepsiCo” ilə Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Laos və Kambocada işləyir. Tərəfdaşlığın 2027-ci ildə Azərbaycana, 2029-cu ildə isə Danimarka, Finlandiya, Estoniya, Latviya və Litvaya genişlənməsi gözlənilir.
Yeni aktivlər Azərbaycanla birlikdə Cənubi Qafqazda vahid “Carlsberg” klasterini təşkil edəcək.
“Reuters” agentliyinin müsahibə aldığı analitiklər qeyd ediblər ki, investorlar üçün sövdələşmənin dəyəri yerli bazarların özündə deyil, qrupun “PepsiCo” ilə qlobal tərəfdaşlığının gücləndirilməsindədir.