Çatdırılma sektorunda yeni qayda: Kuryerlər üçün sabit vergi müəyyənləşir

18.11.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fərdi qaydada sifariş çatdıran kuryerlərin aylıq vergi ödənişinin 15 manat müəyyənləşdirilməsi təklif olunur.

Moderator.az xəbər verir ki, məsələ Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsində yer alıb. Sənəd Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təklifin əsas istiqaməti muzdlu işçisi olmayan kuryerlərin vergi prosedurlarını asanlaşdırmaq və bu sahədə fəaliyyətin rəsmiləşdirilməsinə şərait yaratmaqdır.

Dəyişiklik muzdlu işçi çalışdırmadan sifariş çatdıran fiziki şəxsləri əhatə edəcək. Avtonəqliyyat vasitələri ilə yükdaşıma fəaliyyəti isə bu mexanizmə daxil edilməyəcək.

Layihənin əsaslandırılmasında bildirilir ki, çatdırılma xidmətləri avtomobil, motosiklet, velosiped və skuter vasitəsilə həyata keçirilir. Bu sahədə fərdi çalışanların vergi hesabatlılığı ilə bağlı inzibati prosedurları yerinə yetirməsi çətinlik yaradır.

Mövcud tələblərin mürəkkəbliyi kuryerlərin bir qisminin fəaliyyətini rəsmiləşdirmədən davam etdirməsinə gətirib çıxarır. Elektron ticarətin inkişafı çatdırılma xidmətlərinə tələbatı artırıb. Sektorda fərdi qaydada çalışanların çoxluq təşkil etməsi vergi münasibətlərinin daha əlçatan mexanizmlə tənzimlənməsini aktuallaşdırır.

Yeni qaydaya görə, vergi ödənişləri aylıq sabit məbləğ və müvafiq qəbz əsasında həyata keçiriləcək. Bu yanaşmanın həm hesabat prosedurlarını, həm də mühasibatlıqla bağlı xərcləri azaltması gözlənilir.

Pərvin Şakirqızı

 Moderator.az/ Redaktor

 parlament müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью