Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Elm bu barədə nə deyir?
Çaydan mətbəxin ayrılmaz əşyalarından biridir və demək olar ki, hər evdə var. Axı isti içkiləri onsuz hazırlamaq mümkün deyil.
Lakin tez-tez müzakirə olunan bir sual var: çay dəmləmək üçün çaydanda əvvəlki dəfədən qalan suyu yenidən qaynadıb istifadə etmək olarmı? Yoxsa köhnə suyu töküb təzə su əlavə etmək daha doğrudur?
Bir tərəfdən, qaynatma suyu dezinfeksiya edir. Digər tərəfdən isə belə bir fikir var ki, suyun dəfələrlə qaynadılması onun tərkibində zərərli maddələrin toplanmasına səbəb olur. Bəs doğrudanmı hər istifadədən sonra çaydanı tam boşaltmaq lazımdır?
Bu suala cavab vermək üçün əvvəlcə kran suyunun tərkibinə və qaynadılarkən baş verən proseslərə nəzər salaq.
Məsələn, Moskva şəhərində istifadə olunan kran suyunun əsas göstəriciləri belədir:
Suyun sərtliyi (əsasən kalsium və maqnezium duzlarının miqdarı) 5–6°Ж təşkil edir. Rusiyanın sanitariya normalarına (SanPiN) görə içməli suyun sərtliyi 7°Ж-dən çox olmamalıdır. Buna görə də Moskva suyunun sərtliyi orta və optimal hesab edilir.
Flüorun miqdarı tövsiyə olunan normadan aşağıdır – təxminən 0,5 mq/l.
Xloridlərin, sulfatların, dəmirin və manqanın miqdarı da sanitariya normalarından aşağı səviyyədədir.
Bu isə o deməkdir ki, kran suyunun keyfiyyəti sanitariya tələblərinə cavab verir və sağlamlıq üçün təhlükə yaratmır. Deməli, bu su ilə bir dəfə çay dəmləyib, sonra eyni suyu yenidən qaynadaraq ikinci dəfə istifadə etsəniz, sağlamlığınıza heç bir zərər dəyməyəcək.
Bunun səbəbi nədir?
Suda olan kimyəvi maddələrin miqdarı o qədər azdır ki, onların sağlamlıq üçün təhlükəli səviyyəyə çatması son dərəcə çətindir.
Bunun üçün suyun böyük hissəsinin buxarlanması lazımdır. Su istənilən temperaturda buxarlansa da, ən intensiv buxarlanma qaynama zamanı baş verir.
Qaynama zamanı bəzi uçucu üzvi birləşmələr havaya keçə bilər, lakin metallar və mineral duzlar kimi qeyri-üzvi maddələrin ümumi miqdarı dəyişmir. Sadəcə suyun bir hissəsi buxarlandığı üçün onların konsentrasiyası cüzi artır.
Təcrübələr göstərir ki, bu artım insan sağlamlığı üçün təhlükə yaradacaq həddə çatmır.
Sadə nümunə
Tutaq ki, səhər çaydanda 1 litr kran suyunu qaynadırsınız və onun hər litrində 0,3 mq flüor var.
Bir fincan çay üçün 200 ml su istifadə edirsiniz.
Günün ikinci yarısında qalan suyu yenidən qaynadaraq daha bir fincan çay hazırlayırsınız.
Əgər su qaynamağa başlayan kimi çaydan söndürülərsə, buxarlanma çox az olacaq və hər iki fincandakı flüor miqdarı demək olar ki, eyni qalacaq.
Hətta ikinci dəfə qaynadarkən çaydandan 100 ml su buxarlansa belə, ikinci fincanla qəbul edilən flüorun miqdarı birinci fincanla müqayisədə nəzərəçarpacaq dərəcədə çox olmayacaq.
Bu nəticə kran suyunda olan digər minerallar və üzvi maddələr üçün də keçərlidir.
Bundan əlavə, müasir elektrik çaydanlarının əksəriyyəti su qaynamağa başladıqdan qısa müddət sonra avtomatik söndüyü üçün suyun uzun müddət qaynaması və əhəmiyyətli dərəcədə buxarlanması baş vermir.
Bəs dad dəyişirmi?
Suyun təkrar qaynadılması içkinin dadına təsir göstərə bilər, lakin bu, əsasən yerli su təchizatının xüsusiyyətlərindən və şəxsi zövqdən asılıdır.
Bəzi insanlar mineralların konsentrasiyasının cüzi artması və ya qaynama zamanı suda həll olmuş oksigenin azalması səbəbindən dad fərqini hiss edə bilərlər.
Bir sözlə, əgər çaydandakı su əvvəlcədən içməli su üçün təhlükəsizlik tələblərinə cavab verirdisə, onu bir neçə dəfə qaynatmaq sağlamlıq baxımından təhlükə yaratmır. Təkrar qaynadıldıqdan sonra da həmin su içmək və çay hazırlamaq üçün yararlı hesab olunur.
XQ