Lent az saytına istinadən Icma.az xəbər verir.
Çaydanın dibində və su qızdırıcılarının içərisində yaranan ağ ərp bir çox insanı narahat edir. Bəs bu çöküntülər sağlamlıq üçün təhlükəlidirmi?
Lent.az xəbər verir ki, ərpin yaranmasının əsas səbəbi suyun tərkibindəki kalsium və maqnezium duzlarıdır. Sərt su qızdırıldıqda, xüsusilə kalsium karbonat çöküntüsü əmələ gəlir və qabların səthində toplanır.
Mütəxəssislərin fikrincə, kalsium və maqnezium insan orqanizmi üçün vacib minerallardır. Adi sərt suyun içilməsi sağlam insanların əksəriyyəti üçün təhlükəli hesab edilmir.
Lakin ərpin çox olması su qızdırıcılarının işini zəiflədə, enerji sərfiyyatını artıra və məişət cihazlarının ömrünü azalda bilər.
Qeyd etmək lazımdır ki, suyun sərtliyi onun tam təhlükəsiz olduğunu göstərmir. Suda mikroblar, ağır metallar və digər zərərli çirkləndiricilər də ola bilər. Bunları ərpin görünüşünə əsasən müəyyənləşdirmək mümkün deyil.
Çaydandakı ərpi limon turşusu ilə təmizləmək mümkündür. İçməli suyun keyfiyyətinə şübhə yarandıqda isə laborator analiz aparılması tövsiyə olunur.