Çayı belə içirsinizsə, DİQQƏT Xərçəng riskiniz 3 dəfə artır

07.11.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təxminən 980 min insanın 14 il ərzində izlənildiyi Oksford Universitetinin araşdırması göstərib ki, temperaturu 65 dərəcə və daha yüksək olan çay və qəhvənin istehlakı qida borusunun yastıhüceyrəli karsinoması riskini təxminən 3 dəfə artıra bilər. Mütəxəssislər isti içkiləri qəbul etməzdən əvvəl bir qədər soyutmağı tövsiyə edirlər.

Oksford Universitetinin Oxford Population Health tədqiqatçıları tərəfindən aparılan genişmiqyaslı araşdırma isti içki vərdişlərinin sağlamlığımız üçün gizli təhlükəsini üzə çıxarıb. “International Journal of Cancer” jurnalında dərc olunan və Cancer Research UK tərəfindən dəstəklənən tədqiqatda təxminən 980 min iştirakçı orta hesabla 14 il ərzində izlənilib.

Bu sahədə indiyədək aparılmış ən ətraflı araşdırmalardan biri olan tədqiqat çay və qəhvənin hələ buxarı üzərində olarkən içilməsinin ciddi risklər daşıdığını göstərir.

Araşdırmanın nəticələrinə görə, içkilərini 65 dərəcə və daha yüksək temperaturda içən insanlarda qida borusunun yastıhüceyrəli karsinoması riski ilıq içki qəbul edənlərlə müqayisədə təxminən üç dəfə yüksəkdir.

Mütəxəssislər vurğulayırlar ki, risk fərqi çay və ya qəhvə kimi içkinin növü ilə deyil, birbaşa mayenin yüksək temperaturu ilə bağlıdır.

Tədqiqatda yalnız mayenin temperaturu deyil, gün ərzində qəbul edilən içkinin miqdarı da araşdırılıb. İçkilərini isti içən, lakin istehlakını məhdudlaşdıran insanlarda risk artımı 1,7 dəfə qeydə alınıb. Bununla yanaşı, gündə altı fincandan çox isti içki qəbul edənlərdə risk göstəricisinin 71 faizə qədər yüksəldiyi müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatına bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin 2016-cı ildə temperaturu 65 dərəcədən yüksək olan içkiləri “insanlar üçün ehtimal olunan kanserogen” kimi təsnif etməsi yeni araşdırmanın nəticələri ilə bir daha təsdiqlənib.

Lakin mütəxəssislər müəyyən edilmiş təhlükənin yalnız yastıhüceyrəli karsinoma növü üçün keçərli olduğunu xüsusi vurğulayırlar. Adenokarsinoma tipli xərçənglərlə oxşar əlaqə aşkarlanmayıb.

Tədqiqat qrupunun üzvü, baş qidalanma epidemioloqu doktor Keren Papier bildirib ki, yüksək temperaturda olan içkilərin qida borusuna vurduğu zərər əvvəllər Cənubi Amerikada mate çayı ilə bağlı aparılan araşdırmalardan məlum idi. Onun sözlərinə görə, yeni tədqiqat Qərb cəmiyyətlərində gündəlik çay və qəhvə istehlakının da eyni riski daşıdığını sübut edib.

Alimlərin fikrincə, həddindən artıq isti içki istehlakından imtina edilərsə, qida borusu xərçəngi hallarının 10-20 faizi qarşısı alına bilər.

Qida borusu xərçənginin cəmiyyətdə nisbətən nadir rast gəlinən xəstəlik olduğunu xatırladan mütəxəssislər panikaya düşməyə ehtiyac olmadığını bildirirlər. Onların sözlərinə görə, ən təsirli qorunma üsulu buxarı üzərində olan içkiləri içməzdən əvvəl bir qədər gözləmək və onların ilımasını təmin etməkdir. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью