Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Azərbaycanda futbol da qarışıq idmanın hansı vəziyyətdə olduğu hamımıza məlumdu. AFFA-nın rəhbərliyi, adətən, neft sektorundan seçilir. Rəhmətlik Fuad Musayevin AFFA-dan uzaqlaşdırılmasından sonra belədi. SOCAR rəhbəri avtomatik AFFA-nın da prezidenti vəzifəsinə “seçilir”. Bundan sonra da neft pulları futbola axıdılmağa başlayır. Təəssüf ki, bu pulların hansı şəkildə xərclənməsinə ciddi nəzarət edilmir. Buna görə də illərdi ki, futbola axıdılan milyonların qarşılığında nə futbolçu yetişdirə bilmişik, nə də futbolumuz iynənin ucu boydə irəli gedib. Digər idman növlərində də vəziyyət aşağı-yuxarı eynidi.
Söhbət ondan gedir ki, Azərbaycanda idmanın heç bir növü özü-özünü maliyyələşdirə, sərbəst şəkildə ayaqda dura bilmir. Azad sponsor bazarı, reklam gəlirləri yoxdu. Nə də hansısa dünya səviyyəli idmançı yetişdirə bilmirik ki, onun xaricə satışından gəlir əldə edək. Bilet satışından da danışmağa dəyməz. Fərli səbəblərdən azərbaycanlılar üçün hansısa idman yarışına bilet alıb getmək vərdişi formalaşmayıb. Ona görə də idman federasiyalarının hərəsini “yuxarıdan” gələn tapşırıqla bir nazirliyin nəzarətinə verilir. Bununla da həmin federasiya nazirlikdən gələn pulla qidalanır, idmançıların maaşı, təlim-məşq toplanışlarının xərcləri, yarışlara gediş-gəliş üçün məsrəflər bu maliyyə qaynaqlarının hesabına ödənilir. Bu üsulla nazirlərin hərəsi bir federasiyanın prezidenti seçilir. Problem isə həmin nazir vəzifəsindən gedəndən sonra başlayır. Federasiya başsız (sponsorsuz), idmançılar isə pulsuz qalırlar.
Belə acınacaqlı vəziyyətə hazırda həndbolçular düşüb. Saleh Məmmədov bu ilin fevralında AAYDA sədri vəzifəsindən azad edilib. Amma cənab Məmmədov Azərbaycan Həndbol Federasiyasının prezidenti postunu heç kimə təhvil verməyib. Bu səbəbdən də ortada yetərincə mürəkkəb vəziyyət yaranıb. Məlum məsələdi ki, Saleh Məmmədov hər asfalt qatının kiçik bir millimetrindən gələn pullardan həndbola ayırırdı. İndi asfalta nəzarət onun əlində deyil. İndiyə qədər yığdığı pullardan həndbolçulara ayırmaq fikri isə yoxdu. Adamdan soruşan olsa, deyəcək ki, qazanmıram, ona görə də vermirəm, kim qazanırsa, o da versin. Əvəzində həndbolçular çətin vəziyyətə düşüblər. Onlar aylardı maaş alımır, evlərinə pul apara bilmirlər. Eyni zamanda da idman zalları əldən çıxıb, icarə pulları ödənmədiyinə görə məşq də etmək mümkün deyil. Çünki zalların qapıları idmançıların üzünə bağlanıb.
Apreldən bəri maaş almayan həndbolçular və onların məşqçiləri dərdlərini demək üçün Gənclər və İdman Nazirliyinin qarşısına toplaşıblar. İstəyiblər ki, səslərini ölkədə idmanın inkişafına cavabdeh olan nazirliyin rəhbərliyinə çatdırsınlar. Amma nazirlikdən onların dərdinə əlac edən olmayıb. Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Rəşad Hüseynov müsahibəsində nazirlikdən nə cavab aldıqlarını deyib. Hüseynovun sözlərinə görə, nazirlik məsələnin onların səlahiyyətində olmadığını bildiriblər. Qəribədi, görəsən, ölkə həndbolunun problemləri ilə hansı nazirlik maraqlanmalıdı, bu məsələlər kimin səlahiyyətindədi?
Cənab nazir Fərid Qayıbovun həndbolçularla maraqlanmağa vaxtı yoxdu. Onun sorağı gah Göygöl rayonunun Xan Yaylağında keçirilən “V Milli Yaylaq Festivalı”ndan gəlir, gah da Füzuli hava limanındakı “Aerokosmik Modelçilik Festivalı”ndan. Nazirliyin əməkdaşları da rəhbərlərindən ibrət götürüb, Mingəçevirdə cazmenlər üçün müsabiqə keçirirlər. İdman və onun problemləri isə qalıb bir kənarda. Aylarla maaş almayan həndbolçular heç kimin vecinə deyil. Sonra da sinəmizə döyüb, deyəcəyik ki, Azərbaycan idman ölkəsidi. İdmançıların aylarla maaş almadığı, məşq etməyə zal, dərdini deməyə rəhbər tapmadığı məmləkətdə kim öz uşağını idmana göndərəcək?
Məncə, nazirlik yaxasını kənara çəkməyi buraxıb, idmançıların problemlərini dinləməli, onları həll etməlidi. Caza qulaq asıb, yaylağa qalxmağa və təyyarə uçurmağa vaxt hər zaman tapılar. Amma idmançı yetişdirmək üçün illər sərf olunur. Bunu unutmayın.
AMAL