Cazibə qüvvəsi ilə gizli məlumat ötürüldü

20.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Avstraliyanın Kvinslend Universitetinin fizikləri ilk dəfə cazibə qüvvəsi sahəsindən istifadə edərək kərpic divarın arxasına mənalı mesaj ötürüblər.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Təcrübə universal cazibə qanununa əsaslanıb. Belə ki, ötürücü böyük kütləyə malik cismi iki nöqtə arasında hərəkət etdirir, qəbuledici isə cazibə qüvvəsində yaranan dəyişiklikləri qeydə alır.

Təcrübə zamanı alimlər təxminən 1800 kiloqram ağırlığında liftin əks çəkisini binanın mərtəbələri arasında hərəkət etdiriblər. Sensor isə divarın arxasındakı qonşu otaqda yerləşdirilib. Nəticədə dəqiqədə bir bit məlumat ötürmək mümkün olub. Alimlər 49 bitdən ibarət “Cazibə qüvvəsi” mesajını göndəriblər və qəbuledici məlumatı səhvsiz qəbul edib.

Tədqiqatçıların sözlərinə görə, cazibə qüvvəsinin əsas üstünlüyü onun material maneələrdən keçərkən zəifləməməsidir. Radio dalğalarından, işıqdan və səsdən fərqli olaraq, cazibə sahəsini Faraday qəfəsi və digər fiziki maneələrlə bloklamaq mümkün deyil.

Bununla belə, texnologiyanın hazırkı imkanları məhduddur. Mövcud avadanlıqla rabitə məsafəsi metrlərlə, ötürmə sürəti isə dəqiqədə bir neçə bitlə ölçülür. Alimlər təxminən 75 min kiloqramlıq kütlə və superkeçirici qravimetrdən istifadə etməklə məsafəni 500 metrə qədər artırmağın mümkün olduğunu hesab edirlər.

Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə bu texnologiya radio dalğalarının və səsin nüfuz etmədiyi təhlükəsiz obyektlərdən, eləcə də yeraltı bunkerlərdən məlumat ötürmək üçün istifadə oluna bilər.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью