Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayıl üçün də yeni tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin azad olunduğunu elan etdi. Cəbrayılın azad edilməsi Vətən müharibəsində mühüm hərbi-strateji əhəmiyyət daşımaqla yanaşı, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyan mühüm hadisələrdən biri oldu. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini və qarşıya qoyulan məqsədlərə çatmaq əzmini də nümayiş etdirdi. Bu qələbə Cəbrayıl sakinlərinin doğma yurdlarına qayıdış ümidini gerçəyə çevirdi.
Cəbrayılın azad edilməsinin ən yaddaqalan rəmzlərindən biri üçrəngli Azərbaycan bayrağının Xudafərin körpüsündə dalğalanmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsündə dövlət bayrağını ucaltdığı görüntülər xalqımızın yaddaşında xüsusi yer tutdu. Əsrlərin yadigarı olan Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının dalğalanması tarixi torpaqlarımızda dövlət suverenliyinin və milli iradənin bərpasının rəmzinə çevrildi. Bu mənzərə həm də uzun illər işğal altında qalan ərazilərin azadlığı uğrunda aparılan mübarizənin nəticəsini nümayiş etdirirdi. Cəbrayılın azad olunması ilə Azərbaycanın dövlət bayrağı həmin torpaqlarda yenidən öz layiqli yerini tutdu.
Şanlı tarixi qələbədən sonra Cəbrayıl qarşısında tamamilə yeni mərhələ açıldı. İşğal illərində dağıdılmış şəhərin və kəndlərin yenidən qurulması genişmiqyaslı dövlət proqramları çərçivəsində həyata keçirilməyə başladı. Yeni yolların, enerji və su təchizatı sistemlərinin, sosial obyektlərin, yaşayış komplekslərinin və digər infrastrukturun yaradılması Cəbrayılın gələcək inkişafının əsasını formalaşdırır. Müasir şəhərsalma prinsipləri əsasında aparılan quruculuq işləri rayonun yalnız fiziki simasını deyil, sosial-iqtisadi həyatını da yenidən canlandırmağa xidmət edir.
Bu gün Cəbrayılın adı yalnız işğal və dağıntılarla deyil, həm də qələbə, qayıdış və yenidənqurma ilə assosiasiya olunur. Bir vaxtlar xarabalığa çevrilmiş yaşayış məntəqələrində yeni binaların, yolların, sosial obyektlərin ucaldılması Azərbaycanın öz torpaqlarında yeni həyat qurmaq əzminin göstəricisidir. Cəbrayılın bərpası həm də işğalın nəticələrinin aradan qaldırılması istiqamətində görülən kompleks tədbirlərin mühüm hissəsidir. Doğma torpaqlarına qayıdan sakinlərin gündəlik həyatının bərpası bu prosesin ən mühüm nəticələrindən biridir. 4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd edilməsi də məhz bu tarixi dönüşün mahiyyətini özündə əks etdirir. Cəbrayıl bu gün keçmişin ağrılı izlərindən yeni həyatın qurulduğu məkana çevrilir və onun dirçəlişi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük bərpa prosesinin mühüm səhifələrindən birini təşkil edir.