Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Bu gün - oktyabrın 8-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində minaya düşən ata-oğul şəhid ailəsidir.
Modern.az xəbər verir ki, əvvəlcə 2000-ci il təvəllüdlü oğul Orxan Qəhrəmanov kənd ərazisində mal-qara otararkən piyada əleyhinə minaya düşüb və ağır xəsarətlər alıb.
Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılan Orxan Qəhrəmanova sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.
Daha sonra elə həmin ərazidə onun atası 1966-cı il təvəllüdlü Əşrəf Qəhrəmanov piyada əleyhinə mina partlayışının qurbanı olub. O da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatlara görə, Əşrəf Qəhrəmanov oğlunun partlayış ərazisinə qopub düşmüş qolunu götürməyə gedərkən minaya düşüb.
Qeyd edək ki, Qəhtəmanovlar ailəsinin böyük oğlu – 1994-cü il təvəllüdlü Ruhun Qəhrəmanov 2016-cı il aprelin 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətindəki Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə (Aprel döyüşləri) qəhrəmancasına şəhid olub. Ölümündən sonra R.Qəhrəmanov "İgidliyə görə" medalı ilə təltif edilib.
Şəhid Ruhin Qəhrəmanov Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE), kiçik çavuşu idi. Yeri gəlmişkən, Ruhin Qəhrəmanovun ortancıl qardaşı - Qəhrəman Qəhrəmanov da Aprel döyüşləri zamanı onunla birgə iştirak edib.
Şəhidi atası – bu gün minaya düşərək xəsarət alan Əşrəf Qəhrəmanovun özü də Birinci Qarabağ müharibəsinin qazisidir.
A.Qorxmaz