Cəbrayılın ayağı sayalı oldu

08.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

6 il əvvəl şəhərin işğaldan azad edilməsi irimiqyaslı hücuma yol açdı

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Həmin gün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Lakin həmin tarixi günün əhəmiyyəti yalnız hərbi əməliyyatların başlaması ilə məhdudlaşmırdı. Azərbaycan cəmiyyəti 30 ilə yaxın müddətdə davam edən işğalın sona çatması üçün tarixi fürsətin yarandığını anlayırdı.

Müharibənin ilk gününün nəticələri bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Azərbaycan Ordusu Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz və Yuxarı Əbdürrəhmanlı kəndlərini, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini azad etdi. Rəsmi xronologiyada bu yaşayış məntəqələrinin hamısının 27 sentyabr tarixində azad edildiyi göstərilir. Bu, həm hərbi, həm də psixoloji baxımdan mühüm hadisə idi. Uzun illər işğal altında qalan Azərbaycan torpaqlarında üçrəngli bayrağın yenidən dalğalanması xalqın Zəfərə olan inamını gücləndirirdi.

İllər sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə həmin hadisəni xüsusi olaraq xatırladaraq bildirdi ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları məhz Füzuli rayonundan başlayıb və müharibənin ilk günündə həmin kəndlərlə yanaşı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri də azad edilib.

Beləliklə, Zəfər yolunun ilk dayanacaqları Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar oldu. Müharibənin ilk günlərində əldə olunan uğurlar sonrakı hərbi əməliyyatların gedişində daha da genişləndi. Oktyabrın 3-də Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi, Tərtər rayonunun Suqovuşan və Talış kəndləri azad edildi. Həmin gün Suqovuşanda Azərbaycan bayrağının qaldırılması da mühüm tarixi hadisə oldu.

Oktyabrın 4-də isə Cəbrayıl şəhərinin azad edilməsi müharibənin ilk mərhələsinin mühüm nəticələrindən birinə çevrildi. Bununla yanaşı, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləri də azad edildi. Oktyabrın 5-də Şıxalıağalı, Sarıcallı və Məzrə kəndlərinin azad edilməsi ilə Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərin coğrafiyası daha da genişləndi.

Beləliklə, sentyabrın 27-dən oktyabrın ilk günlərinə qədər baş verən hadisələrə yalnız ayrı-ayrı yaşayış məntəqələrinin azad edilməsi kimi yanaşmaq doğru olmaz. Bu hadisələr Azərbaycan Ordusunun mərhələli şəkildə strateji təşəbbüsü ələ keçirməsinin göstəricisi idi.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin azad edilməsi Vətən müharibəsinin ilk günlərinin mühüm hərbi nəticələrindən biri kimi tarixə düşdü. Suqovuşanın azadlığı yalnız yaşayış məntəqəsinin işğaldan qurtarılması deyildi. Ərazi strateji mövqeyi, su ehtiyatları və ətraf yüksəkliklərə nəzarət baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Cəbrayıl rayonunun azad edilməsi isə Vətən müharibəsinin ilk mühüm nəticələrindən biri oldu. Cəbrayıl şəhəri 2020-ci il oktyabrın 4-də azad edildi və həmin tarix Cəbrayıl Şəhəri Günü kimi qeyd olunmağa başladı. Amma Cəbrayılın azad edilməsi təkcə hərbi tarix hadisəsi kimi tarixə yazılmadı. Artıq müharibədən cəmi bir il sonra – 2021-ci il oktyabrın 4-də şəhərin bərpasının əsası qoyuldu. Həmin gün Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin də təməli atıldı. Layihənin ilk mərhələsində 5 binanın tikilməsi və təxminən, 200 ailənin, 654 sakinin köçürülməsi nəzərdə tutulurdu. Yaşayış məhəlləsi 10,5 hektar ərazini əhatə edirdi.

Daha sonra proses genişləndi. 2025-ci ilin oktyabrında Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyuldu. İkinci kompleksdə 615, üçüncüdə isə 746 mənzilin tikilməsi nəzərdə tutuldu. Yəni yalnız bu iki yeni kompleks üzrə 1361 mənzil planlaşdırıldı. Eyni zamanda, Cəbrayılın bərpasında səhiyyə, təhsil, dini-mədəni irs, enerji və nəqliyyat infrastrukturu vahid sistem şəklində formalaşdırılmasının əsası qoyuldu.

***

2020-ci il oktyabrın 4-də Vətən müharibəsinin gedişində işğaldan azad olunan Cəbrayıl şəhəri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Vaxtilə ağır dağıntılara məruz qalan şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, doğma yurda qayıdan sakinlər üçün müasir yaşayış şəraiti yaradılır.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə Cəbrayıl Şəhəri Günü münasibətilə silsilə mədəni-kütləvi tədbirlər keçirilib. Proqram çərçivəsində uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri təşkil olunub, onların rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Səyyar Kukla Teatrının təqdim etdiyi tamaşa isə balaca tamaşaçıların sevincinə səbəb olub.

Bayramın musiqi proqramı da zənginliyi ilə seçilib. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblının iştirakı ilə keçirilən konsertdə milli musiqi nümunələri, tanınmış bəstəkarlarımızın əsərləri və xalq rəqsləri təqdim olunub. Musiqi və rəqslərin müşayiəti ilə davam edən şənliklər Cəbrayılın mədəni həyatının dirçəlişini, milli-mənəvi dəyərlərimizə bağlılığı bir daha nümayiş etdirib.

Cəbrayıl Şəhəri Günü münasibətilə keçirilən yığıncaqlarda rayon sakinləri və qonaqlar tarixi günün onlar üçün ifadə etdiyi mənadan, azadlığın gətirdiyi sevincdən və doğma yurdun yenidən qurulmasından danışıblar.

Uzun illər polis şöbəsinin rəisi vəzifəsində çalışmış rayon ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov Cəbrayılın azad edilməsini hər bir sakin üçün unudulmaz hadisə olduğunu vurğulayaraq deyib: “Vətən müharibəsinin 7-ci günü Cəbrayıl şəhərinin azad olunması xəbəri hər birimizi sonsuz dərəcədə sevindirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətlə döyüşən qəhrəman əsgərlərimizin igidliyi sayəsində əzəli torpağımızın azad edilməsi bizlərə böyük qürur yaşatdı”.

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev isə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin böyük əhəmiyyətini xüsusilə qeyd edib: “Xalqımızın birliyi və milli ordumuzun döyüş rəşadəti sayəsində qazanılan tarixi Zəfər qələbəsindən ötən qısa müddət ərzində işğaldan azad edilən torpaqlarımızın müasir şəraitdə, yüksək standartlara uyğun bərpa olunmasını görmək hər bir azərbaycanlı üçün qürurvericidir”.

Şəhid Emin Musayevin qardaşı Elvin Musayev də bu əlamətdar gündə şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb: “Bu tarixi günləri xalqımıza bəxş edən, canı və qanı bahasına torpaqlarımızı azad edən müqəddəs şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirək qazilərimizə cansağlığı arzulayırıq”.

Bu gün Cəbrayılın simasında azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin nəticələri aydın görünür. Şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və sakinlərin doğma yurda qayıdışı Böyük Zəfərin real nəticələrini əks etdirir.

Cəbrayıl Şəhəri Günü həm qəhrəmanlıq tariximizin, həm şəhidlərimizin əziz xatirəsinin, həm də xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu bayram doğma yurda qayıdışın sevincini yaşadan, keçmişlə gələcək arasında mənəvi körpü yaradan əlamətdar gün kimi hər birimizi daim qürurlandıracaq. Bu əlamətdar gün münasibətilə keçirilən bayram təntənələri isə sakinlər tərəfindən maraqla qarşılanıb, onlara əsl bayram ovqatı yaşadıb.

V.BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью