Ceki Can film çəkilişi üçün Azərbaycana gəldi

04.08.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfsanəvi ulduz Ceki Çan “Tanrının zirehi 4: Ultimatum” beynəlxalq macəra filminin bəzi səhnələrinin çəkilişləri üçün Bakıya gəlib. Məşhur aktyor Azərbaycan paytaxtında təxminən on gün keçirəcək.

Bu barədə 525.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Filmin əsas çəkiliş məkanı Qazaxıstandır. Çəkilişlər artıq Manqistau və Almatının vilayətlərində, eləcə də Almatıda aparılıb. Qazaxıstan tərəfinin təklifi ilə çəkiliş üçün ikinci ölkə Azərbaycan seçilib.

Filmin istehsalı Qazaxıstanın "Salem Entertainment" kino şirkəti tərəfindən həyata keçirilir. Layihənin prodüseri şirkətin təsisçisi Rüstəm Ömərov, rejissoru isə namizədliyi Ceki Çan tərəfindən təsdiqlənmiş qazaxıstanlı rejissor və kaskadyor Robert Kundur. Qazaxıstanın Azərbaycandakı səfirliyi Bakıda çəkilişlərə kömək göstərir. Çəkilişlər üçün Bakının ən tanınmış məkanlarından bəziləri seçilib. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı yer alacaq. 

Layihə Qazaxıstan və Azərbaycanın iştirakı ilə həyata keçirilir və son illərdə Mərkəzi Asiya və Cənubi Qafqazda ərsəyə gətirilən ən irimiqyaslı beynəlxalq kino layihələrindən biri hesab olunur. Məlumatda vurğulanıb ki, iki ölkənin çəkiliş prosesində iştirakı kino sənayesi sahəsində regional əməkdaşlığın genişləndiyini nümayiş etdirir və onların mədəni, eləcə də turizm potensialının beynəlxalq arenada tanıdılması üçün əlavə imkanlar yaradır.

“Tanrının Zirehi 4: Ultimatum” filmi məşhur franşizanın davamı olacaq. Ceki Çan 13 ildən sonra yenidən "Asiya şahini" ləqəbli əfsanəvi macəraçı rolunu canlandıracaq. Filmin 2027-ci ildə nümayişi planlaşdırılır.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью