Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Qaraca qız” və “İstintaq davam edir” adlı məşhur ekran əsərlərinin çəkildiyi vaxtdan 60 il ötür. Həmin dövr milli kinematoqrafiyamızın intibah mərhələsinə keçid ərəfəsi idi və çəkilən hər yeni film böyük maraqla qarşılanırdı. Milli kolorit, rejissor estetikası və kino dili daha cəlbedici olması ilə diqqət çəkirdi.
“Koroğlu”, “Leyli və Məcnun”, “Böyük dayaq”, “Səhər”, “Əhməd haradadır?”, “Ulduz”, “Arşın mal alan”, “Yenilməz batalyon”, “Yeddi oğul istərəm” filmləri kimi, “Qaraca qız” və “İstintaq davam edir” də ötən əsrin 60-cı illərində ərsəyə gəlib. Adıçəkilən “yubilyar” filmlər bu gün də, necə deyərlər, təravətini itirməyib.
Yazıçı Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsindən eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış “Qaraca qız” Tutu adlı xeyirxah və cəsur bir qaraçı balasının faciəli taleyindən bəhs edir. Rejissor və ssenari müəllifi Şamil Mahmudbəyov, operatoru Arif Nərimanbəyovdur. Rollarda Sevil Zeynalova (Qaraca qız), Leyli Axundova (Xədicə), Şəfiqə Məmmədova (Pərican), Cabbar Əliyev (Piri baba), Fateh Fətullayev (Hüseyn bəy), Raisa Udovikova (Yasəmən) və başqaları oynayırlar.
...Qaraca qız kiçik yaşlarından bərkə-boşa düşərək hər çətinliyə dözür. Valideynlərini itirəndən sonra bir qaraçı ailəsinin himayəsində qalır. Həyatı heç də xoş keçmir, hey döyülür, incidilir. Əzab-əziyyətə qatlaşaraq pul qazanır. Tutu, eyni zamanda, dostluğa sədaqət nümunəsidir. O, mehribanlıq göstərdiyi bəy qızını ölümdən qurtarmaq üçün həyatını qurban verməkdən belə çəkinmir. Xədicənin qanından zəhəri soraraq onu ölümdən qaytarır və özü həlak olur. Qaraca qızın həyatdan erkən və faciəli getməsi Piri babaya çox ağır gəlir və o, bunu daxmasının səadət quşunun uçmasına bənzədir.
Cəmi 47 dəqiqəlik ekran əsəri yaddaqalan səhnələri ilə hər kəsdə bir ömürlük təəssürat yaradır. Filmdə uşaqlara dostluq, xeyirxahlıq duyğuları aşılanır. Tutunun timsalında kasıb, kimsəsiz birinin dost yolunda canından keçməsi ibrətamizdir. Böyüklərin özündən razılığı, kasıba, kimsəsizə üstdən-aşağı baxması qarşılığında Tutu, bəy qızı Xədicəni öz canı bahasına xilas edir.
Əksər epizodlarının Şamaxıda Çuxuryurd kəndində çəkildiyi filmdəki ayı və ilan Moskvadan gətirilmişdi. Yaradıcı heyətin 18 günlük məşqlərindən sonra çəkilişlər başlayıb və ortaya cəlbedici bir kinolent qoyulub. İlanın Xədicəni vurduğu səhnə kinostudiyanın köhnə binasında - “Hökumət evi”nin yanındakı bağda çəkilib. Orada sevimli rəfiqəsini xilas edən Tutu öldüyünə görə Xədicə göz yaşı axıdaraq çəkilişi seyr edənləri belə ağlatmağı bacarıb.
Leyli Axundova 8 yaşında kinoda ilk və son rolunu oynadığı həmin anları belə xatırlayır: “Hadisədən sonra Tutunu mənə göstərmirdilər. Bir gün isə əlimdən tutub bir təpənin üstünə gətirdilər. Piri baba çox qəmgin halda bir qəbrin yanında əyləşib dərin fikrə dalmışdı. Mənə dedilər ki, bax, bu Qaraca qızın qəbridir. Gözlənilməz xəbərdən özümü saxlaya bilmədim, başladım ağlamağa. Piri baba da, rejissor da, operator da ağlayırdı. Çəkiliş qrupu məni sakitləşdirə bilmirdi. Sən demə, biz ora gəldiyimiz andan çəkiliş gedirmiş. Çəkilişdən sonra Tutunu mənə göstərdilər və “ağlama, o sağdır, kino təbii alınsın deyə, belə etmişik” - dedilər. Məni aldatdıqlarına görə küsdüm, 3 gün çəkilişə getmədim. “Əgər belə etməsəydik, həmin səhnə inandırıcı alınmazdı” - deyə məni dilə tutub inandırdılar”...
“İstintaq davam edir” tammetrajlı bədii filmdə isə Vətənin təhlükəsizliyinin və Bakı əhalisinin əmin-amanlığının qorunmasında Azərbaycan çekistlərinin və milisinin fəaliyyətindən, sıravi vətəndaşların sayıqlığından söhbət açılır. Kinolentdə təhlükəsizlik orqanlarının xarici kəşfiyyatın apardığı əməliyyatın üstünün açılmasından bəhs olunur.
Əlisəttar Atakişiyevin quruluşçu rejissor olduğu filmdə baş rolları Kamal Xudaverdiyev (Çingizov), Həsənağa Salayev (Rüstəmov), Həsən Məmmədov (Əzimov), Larisa Xələfova (Dilarə), Lüdmila Davıdova-Şlyaxtur (Tatyana Ostapenko) və Həsənağa Turabov (Quliyev) ifa ediblər. Ekran işində personaj bolluğu var: süjetlərdə adı titrlərə düşməyənlərlə bərabər, 40 nəfər çəkilib. O dövrün Bakısının mədəni mühiti, məişəti cari vəziyyətlərin fonunda məharətlə təsvir olunub.
...Alim Sərdar Əzimovun evindən oğurluq edilir - onun paltosu, pulu oğurlanır. Ancaq bu, oğurluğun görünən tərəfidir. İstintaq araşdırma zamanı müəyyən edir ki, oğurluqda əsas məqsəd elmi müəssisələrdən birində işləyən Əzimovun dövlət sirri kimi qorunan cədvəlləri haqda xarici kəşfiyyatın məlumat toplanması olub.
Cədvəlləri müəssisədən evə aparmaq qadağan edilsə də, kitabxanaçı Dilarə onu Əzimova verir. Buna görə istintaq gənc qızdan şübhələnir. Eyni zamanda, restoran müğənnisi Tatyana da nəzarətə götürülür. O, Əzimovun evi ilə üzbəüz binada qalır, üstəlik, işlədiyi müəssisəyə Kiyevdən ezamiyyətə gəlmiş aviasiya mühəndisi (Mixail Sidorkin) ilə tanış olur.
İstintaqın şübhələndiyi daha bir adam tüfeyli həyat keçirən alim oğlu, xarici malların alveri ilə məşğul olan Səlimdir (Fuad Poladov). Araşdırma nəticəsində istintaqa məlum olur ki, oğurluq edən Xudayar qətlə yetirilib. İşlər daha da düyünə düşür. Beləcə, dedektiv-macəra janrının tələblərinə tam əməl edilir, 74 dəqiqəlik filmdə müəmmalı vəziyyətlər, həyəcan yaradan anlar sonadək qorunub saxlanır.
“İstintaq davam edir” yazıçı Cəmşid Əmirovun “Sahil əməliyyatı” povestinin əsasında Mixail Maklyarski ilə birgə yazdığı ssenari üzrə çəkilib. Kinolentin operatoru Əlihüseyn Hüseynov, bəstəkarı isə Polad Bülbüloğludur. Dedektivin sonunda əsas cinayətkar (Murad) ifşa edilir və qaçaqmalçı dəstə zərərsizləşdirilir. İstintaqın gedişində günahsız şübhəlilər bəraət qazanır, hadisənin əsl səbəbkarları isə qanun qarşısında cavab vermək üçün həbs olunur.
Maraqlı ekran işi bu gün də Azərbaycanda dedektiv janrının uğurlu nümunələrindən sayılır. Kinolent nümayiş olunduğu ilk bir il ərzində 28 milyondan çox tamaşaçı toplamışdı. Bu, 1963-cü ildən bəri çəkilən filmlərimiz arasında ən yüksək göstərici olub.
P.S: Taleyin istehzasına baxın ki, “İstintaq davam edir”də müstəntiq Quliyev olaraq cinayətin araşdırılmasında çəkilmiş Həsənağa Turabovun oğlu – polis rəisi Daşqın Turabov 1997-ci ildə real həyatda qətlə yetirilib. O silahlı şəxsi zərərləşdirən zaman caninin avtomatdan açdığı atəşlə həyatını itirib. Bu barədə İctimai televiziyanın “İstintaq davam edir” adlı telelayihəsi əsasında çəkilən sənədli film də var.
Əli NƏCƏFXANLI
XQ