Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Cekson Venik düzəlişi insan hüquqlarını əsas gətirərək ABŞ-nin bəzi ölkələrə qarşı ticarət məhdudiyyətləri tətbiq etməsinə imkan verən 1974-cü il qanunvericilik mexanizmidir. ABŞ dövlət katibi Marko Rubionun bu düzəlişi soyuq müharibənin qalığı adlandırması bu mövzunu yenidən gündəmə gətirib.
Xüsusilə Azərbaycanın da bu düzəliş çərçivəsində xatırlanması Vaşinqtonun post sovet məkanına münasibətində mümkün dəyişikliklər barədə suallar doğurur. Uzun illərdir real təsiri olmasa da, hüquqi və siyasi baxımdan aktuallığını qoruyan bu düzəliş indi yeni geosiyasi şəraitdə fərqli məna kəsb edir. ABŞ Mərkəzi Asiya və Cənubi Qafqazda daha çevik və praqmatik siyasət axtarışındadır. Bu kontekstdə Cekson Venik məsələsi təkcə ticarət yox, siyasi mesaj kimi də dəyərləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki,Cekson Venik düzəlişi 1974-cü ildə soyuq müharibə şəraitində qəbul edilmiş siyasi və iqtisadi təzyiq alətidir. Əsas məqsəd SSRİ və sosialist blokunda sərbəst miqrasiya hüququnun pozulmasına reaksiya vermək idi. ABŞ bu düzəlişlə insan hüquqlarını ticarət mexanizmi ilə əlaqələndirməyə çalışırdı.
Müsahibimiz qeyd edib ki, o dövrdə bu yanaşma ideoloji mübarizənin bir hissəsi kimi formalaşmışdı. Zaman keçdikcə düzəliş öz ilkin məzmununu itirdi və daha çox simvolik xarakter aldı. Buna baxmayaraq hüquqi baxımdan hələ də qüvvədə qalması diqqət çəkir.
Politoloq qeyd edib ki, Azərbaycan artıq uzun illərdir bu düzəlişin real məhdudiyyətlərini hiss etmir. ABŞ ilə ticarət və enerji əməkdaşlığı faktiki olaraq davam edir. Amma hüquqi olaraq bu statusun qalması müəyyən siyasi diskomfort yaradır. Bu, daha çox münasibətlərin rəsmi sənədlərdə tam normallaşmaması anlamına gəlir.
Həmsöhbətimizə görə, Azərbaycan üçün məsələ iqtisadi deyil, siyasi simvolizm məsələsidir. Düzəlişin qalması keçmiş dövrün mexanizmlərinin hələ də bağlanmadığını göstərir.

Züriyə Qarayeva: Azərbaycan üçün məsələ iqtisadi deyil, siyasi simvolizm məsələsidir
“ABŞ-nin bu düzəlişi ləğv etmək niyyəti post-sovet məkanına münasibətdə nəyi dəyişə bilər” sualını cavablandıran Z.Qarayeva deyib ki, bu addım ilk növbədə psixoloji və siyasi mesaj xarakteri daşıyacaq. ABŞ bununla soyuq müharibə dövrünün alətlərindən uzaqlaşdığını göstərə bilər:
“Post-sovet ölkələri ilə münasibətlərdə daha fərqli və fərdi yanaşma formalaşa bilər. Bu, həm də Vaşinqtonun regionda yeni prioritetlər müəyyən etdiyini göstərər. Enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri bu baxımdan ön plana çıxır. Beləliklə, ABŞ regionu daha praqmatik prizma ilə dəyərləndirməyə başlaya bilər”.
Bu qərarın Azərbaycan-ABŞ münasibətlərində hansı dəyişiklik yarada biləcəyinə gəlincə, politoloq hesab edir ki, qısa müddətdə böyük iqtisadi dəyişiklik gözləmək real olmaz. Amma siyasi mühit baxımından bu addım müsbət fon yarada bilər. Onun sözlərinə görə, Azərbaycan ABŞ ilə münasibətlərdə daha bərabərhüquqlu tərəfdaş kimi görünə bilər.
“Bu, həm də qarşılıqlı etimadı gücləndirən jest olar. Regional layihələrdə əməkdaşlıq üçün əlavə imkanlar açıla bilər. Uzunmüddətli perspektivdə isə bu qərar münasibətlərin daha institusional səviyyəyə keçməsinə xidmət edə bilər”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov