Cəlilabadın kəndlərinə avtobuslar işləmir, qaz və su problemi var Deputat rayonun problemlərini QALDIRDI

19.11.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Təmsil etdiyim Cəlilabad rayonunda ictimai nəqliyyatın vəziyyəti nə yerdədir? Bu suala cavab vermək üçün onu qeyd edə bilərəm ki, Bakı-Cəlilabad istiqamətində avtobus marşrutları fəaliyyət göstərir və yaxşı da öz işlərinin öhdəsindən gəlirlər. Gərək həqiqəti etiraf edəsən. Ən əsas problem bunda deyil".

Bu sözləri Redaktor.az-a açıqlamasında deputat Elman Nəsirov bildirdi.

O vurğuladı ki, problem Cəlilabad şəhərdaxili, xüsusilə də Cəlilabadın kəndlərini, o cümlədən ucqar kəndlərini mərkəzlə birləşdirən ictimai nəqliyyatla bağlıdır:

"Bu sahədə ciddi problemlər var və rayon mərkəzinə getmək üçün daha çox özəl taksi xidmətlərindən istifadə edilir. Cəlilabadın mərkəzi ilə ucqar kəndlər arasında ictimai nəqliyyatdan istifadə məsələsində doğrudan da ciddi problemlər var və hesab edirəm ki, bu məsələyə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Çünki ictimai nəqliyyatdan istifadə məktəblinin məktəbə, xəstənin xəstəxanaya, dövlət məmurunun isə işinə vaxtında çatması deməkdir. İctimai nəqliyyatın əlçatanlığı təmin edilməlidir. Bu, çox vacib məsələdir və hesab edirəm ki, artıq inkişafın elə bir mərhələsinə gəlib çatmışıq ki, təkcə paytaxtda deyil, bölgələrimizdə də bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Bölgələrimiz sürətlə inkişaf edir. Gərək həqiqəti söyləyəsən ki, cənab Prezident İlham Əliyevin imzaladığı dörd regionun sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində rayonlarımızın siması büsbütün dəyişib. İnkişaf hər yerdə hiss olunur və bu, Cəlilabada da aiddir. Cəlilabad sakinləri də bunun fərqindədirlər ki, rayonun siması kökündən dəyişib və müasir şəhərlərdən birinə çevrilib".

Millət vəkili təəssüflə bildirdi ki, Cəlilabadda həm ictimai nəqliyyatdan, xüsusilə kəndlərdə ictimai nəqliyyatdan istifadə ilə bağlı problemlər var, həm də İranla sərhəd kəndlərdə mavi qazın olmaması problemi mövcuddur.

"Yeri gəlmişkən, parlamentdəki çıxışımda bu məsələni qaldırdım və İranla sərhəd kəndlərlə bağlı xüsusi dövlət proqramının qəbuluna ehtiyac olduğunu bildirdim. Bu istiqamətdə büdcədə xüsusi bir bənd ayrılmalıdır ki, həmin kəndlər boşalmasın. İranla sərhəd kəndlərin boşalmasının əsas səbəbləri sırasında mavi qazın olmaması, yolların lazımi səviyyədə olmaması dayanır. Baxmayaraq ki, bu istiqamətdə müəyyən işlər də görülüb. Bundan savayı, əsas problemlərdən biri də içməli su çatışmazlığıdır. Elektrik xətlərinin təminatı ilə bağlı vəziyyət isə kifayət qədər ürəkaçandır. Bunu da müsbət hadisə kimi qeyd edim. İctimai nəqliyyat məsələsinə gəlincə, bir zamanlar Cəlilabadın mərkəzi ilə kəndləri arasında avtobuslar intensiv işləyirdi. İndi isə bu mənzərəni görmək doğrudan da çətinləşib. Hesab edirəm ki, bu məsələyə də xüsusi həssaslıqla yanaşmaq lazımdır".

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью