Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 31 oktyabr, Günel Türksoy, AZƏRTAC
Səmərəliliyin və çevikliyin artırılması məqsədilə Azərbaycan Həmkarları İttifaqları Konfederasiyanın (AHİK) Aparatının yeni strukturu təsdiqlənib, gənclər, sosial layihələr və gender məsələləri üzrə işlərin təşkili üçün xüsusi şöbə yaradılıb. Sahəvi həmkarlar ittifaqlarının fəaliyyətinin optimallaşdırılması davam etdirilərək idarəetmədə vahid yanaşma tətbiq olunub.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev deyib.
O bildirib ki, idarəetmənin səmərəliliyinin artırılması məqsədilə sağlamlıq mərkəzləri “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə birləşdirilib, qida təhlükəsizliyi və sanitariya-gigiyena standartlarına nəzarət gücləndirilib, nağdsız ödənişlərin tətbiqi üçün terminallar quraşdırılıb: “Sağlamıq və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır, müasir tibbi avadanlıqlarla təchiz olunur, yeni laboratoriyalar qurulur, tibbi xidmətlərin keyfiyyəti artırılır. Konfederasiyanın tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının strukturu optimallaşdırılıb, idman cəmiyyətləri və klubları birləşdirilib. Həmçinin idman infrastrukturunun inkişafına və müasir idman proqramlarının tətbiqinə diqqət artırılıb. Bu islahatların nəticəsi olaraq idmançılarımız yerli və beynəlxalq yarışlarda uğurlara imza atırlar. 2025-ci ilin keçən dövrü ərzində idmançılarımız ümumilikdə 256 medal qazanıblar”.
Cəmaləddin Quliyev, həmçinin qeyd edib ki, AHİK-nin yeni layihəsi olan “AHİK Plus” bu yaxınlarda üzvlərin istifadəsinə veriləcək: “Layihə sosial tərəfdaşlarımızla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur”.
Müsahibənin tam mətni bir qədər sonra AZƏRTAC-da yayımlanacaq.