Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılaşma artıq əldə edilib. Lakin bu təhlükəsizlik zəmanətləri, əsasən, Avropa qoşunlarının, xüsusilə Fransa ordusunun kiçik bir kontingentinin yerləşdirilməsini və daha sonra ABŞ-nin dəstəyini əhatə edir.
Bu açıqlama Rusiya-Ukrayna müharibəsinin taleyi, NATO-nun gələcək rolu və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı hansı gözləntiləri ortaya qoyur? Təklif olunan model real təhlükəsizlik zəmanəti ola bilər, yoxsa sadəcə, müharibənin dondurulmasına yönələn siyasi kompromisdir? Üstəlik, Rusiya bu cür təhlükəsizlik zəmanətlərinə necə reaksiya verə bilər, yəni Moskva bunu müharibədə yeni eskalasiya səbəbi kimi gündəmə gətirə bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Sultan Zahidov bildirib ki, Rusiya-Ukrayna münasibətləri ətrafında danışıqlar daha da intensivləşib:
"Avropada hələ də "Çemberlen xofu" yaşanır. Belə ki, 1938-ci ildə nasist Almaniyasının lideri Adolf Hitler, Fransanın baş naziri Eduar Daladye, İtaliya lideri Benito Mussolini və İngiltərənin baş naziri Nevill Çemberlen arasında Çexoslovakiyanın Sudet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan saziş imzalandı. Hitler o zaman iddia edirdi ki, bu bölgə Almaniyaya veriləndən sonra o, ərazi ambisiyalarından əl çəkəcək. Lakin əksinə oldu: Sudetin Hitlerə təhvil verilməsi onun iştahasını daha da artırdı və hətta İkinci Dünya müharibəsinin başlamasına səbəb oldu. Bu da Çemberlenin siyasi karyerasının sonunu gətirdi. İngiltərə və ümumiyyətlə Avropa bundan dərs çıxardı ki, aqressiv ölkəyə qarşı güzəştə getmək olmaz. Bu baxımdan, Avropa heç bir halda Rusiyanın Ukraynadan tamamilə tələb etdiyi Donbasın güzəştini istəmir".
"Həmçinin bu ərazinin Rusiyaya verilməsi beynəlxalq hüquq baxımından da doğru hesab edilmir. Çünki bununla güclü və işğalçı istədiyi nəticəni əldə edir. Bu da beynəlxalq hüququn pozulması və beynəlxalq sistemdə qanunsuzluğun işlək olması deməkdir. Bu da mənfi presedent kimi dövlətlərarası münaqişədə müharibənin və gücün daha sıx tətbiq olunmasına gətirib çıxara bilər ki, bununla çox təhlükəli ssenari ortaya çıxır. Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin məhz bu səbəbdən Donbas məsələsini "Troya atı" kimi gündəmə gətirdi. Bilirdi ki, Ukrayna bunu qəbul etməyəcək və günah üzərində qalacaq. Ukrayna Prezidenti Volodimir Zelenski isə bunu qəbul etsə, bu da onun sonunu gətirəcək. Eyni zamanda, Ukraynanın daxilində ciddi siyasi parçalanma olacaq və ölkənin zəifləməsinə gətirib çıxaracaq ki, bu da Rusiya üçün fürsət ola bilər", - deyə ekspert vurğulayıb.
Müsahibimiz hesab edir ki, danışıqlarda ikinci qırılma nöqtəsi təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlıdır:
"Putinin hərbi əməliyyat keçirməsinin əsas səbəblərindən biri bu idi ki, Ukraynaya gətiriləcək NATO infrastrukturu Rusiyanın sərhədləri üçün təhlükədir. İndiki halda da Britaniya və Fransa qoşunlarının Ukraynaya gətirilməsi Rusiya üçün əlverişsiz şərait yaradır. Putinin təbiri ilə desək, Rusiya üçün daha böyük təhlükə yarana bilər. Ona görə də mən Rusiyanın buna razı olacağını düşünmürəm. Hətta Rubio özü də bildirdi ki, Rusiya tərəfi hələ ki təhlükəsizlik zəmanəti məsələsinə müsbət rəy verməyib. Bu baxımdan, bu qoşunların Ukraynaya gətirilməsi, müharibə dondurulsa belə, gələcəkdə tərəflər arasında konfrontasiyanın yeni toxumlarının səpiləcəyini özündə ehtiva edə bilər".
Mərahim Nəsib