Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 2-də davam etdirilib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində Vətən müharibəsi zamanı Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə də sənədlər tədqiq edilib.
Sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən, Azərbaycanın ən böyük 4-cü şəhəri olan Mingəçevir, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisini ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.
Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi 60 ünvanında yerləşən, 1984-cü il təvəllüdlü Bağırov Elçin Yaqub oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb.
Nəticədə evə, onun “Hyundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş qohumu - Ağdam rayonunun Evoğlu kənd sakini, 1958-ci il təvəllüdlü Səfərov Atamoğlan Sabir oğluna məxsus “Kamaz 55111” markalı yük avtomobilinə ziyan vurulub.
Həmçinin Bağırov Elçin Yaqub oğlu, 1957-ci il təvəllüdlü anası Bağırova Nabat Çərkəz qızı, qohumu Səfərov Atamoğlan Sabir oğlu, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 2004-cü il təvəllüdlü İbrahimli Adil Müşviq oğlu bədən xəsarətləri alıblar.
Müəyyən olunub ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5300 metrdir.