Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Tələbələr üçün nəqliyyatda istifadə üçün aylıq və ya illik bilet sisteminin tətbiqi onların xərclərini stabilləşdirə bilər.
Belə bir təkliflə həm tələbələr özləri, həm də onların valideynləri çıxış edir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, bu məsələ çox müzakirə olunur:
"Təhsilin İnkişafı Fondu bir neçə böyük təşkilatla tələbələr üçün güzəştli müqavilələr imzalayıb. Amma tələbələrin nəqliyyatdan istifadə məsələsi ilə bağlı, təəssüf ki, hələ vahid bir mövqeyə gəlinməyib. Buna görə Milli Məclisdə də bu fikirlər səslənir ki, tələbələrə müəyyən güzəştlər tətbiq olunsun".
Müsahibimiz qeyd etdi ki, bu, yaxın qonşu ölkələrin təcrübəsində də mövcuddur:
"Artıq Türkiyədə, Gürcüstanda və Avropa ölkələrinin əksəriyyətində belə sistemlərdən istifadə olunur. Düzdür, Azərbaycanda da tələbə bileti ilə müəyyən güzəştlər nəzərdə tutulub. Amma onların necə tətbiq olunacağı barədə hələlik məlumat yoxdur. Səhv etmirəmsə, bu məsələ Milli Məclisdə müzakirə olunur. Bütün bunlar yekunlaşandan sonra konkret fikir bildirmək mümkün olacaq".
M.Məmmədli güzəşt tətbiqinin necə ola biləcəyi haqqında da məlumat verdi:
"1980-ci illərdən 1992-ci ilə qədər belə bir qayda var idi: təqaüd alan tələbələr üçün xüsusi kart ayrılırdı. O dövrdə cəmi 2 manat 50 qəpik ödəməklə nəqliyyatdan istifadə üçün bir aylıq güzəştli imkan yaranırdı. Belə hallar yenidən tətbiq olunsa, əlbəttə ki, bu, tələbələrin rifah halına müəyyən qədər müsbət təsir göstərə bilər".
Aytəkin TOFİQQIZI