Icma.az, Milli.az saytına istinadən bildirir.
İtaliyanın Siciliya adasında yerləşən tarixi Naro şəhərində tərk edilmiş evlərin cəmi 1 avroya satışına başlanılıb.
Layihənin əsas məqsədi şəhərin tarixi mərkəzini canlandırmaq, uzun müddətdir boş qalan binaları bərpa etmək və əhali azalmasının qarşısını almaqdır.
1 avroya satışa çıxarılan evləri həm İtaliya vətəndaşları, həm də xarici ölkə vətəndaşları ala bilərlər. Müraciətlər Naro bələdiyyəsinin layihə üçün yaratdığı onlayn platforma vasitəsilə qəbul edilir.
Lakin evlərin 1 avroya satılması onların alıcıya faktiki olaraq bu məbləğə başa gələcəyi anlamına gəlmir. Satışa çıxarılan əmlakların əksəriyyətinin ciddi təmirə ehtiyacı var və binaların yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı bütün xərclər alıcının üzərinə düşür.
Bundan əlavə, notariat, torpaq qeydiyyatı və vergi xərclərinin də yeni sahib tərəfindən ödənilməsi tələb olunur. Tarixi binaların bərpası zamanı təhlükəsizlik standartlarına və xüsusi qoruma qaydalarına əməl edilməlidir.
Siciliyanın Aqrigento əyalətində yerləşən Naro orta əsrlərə aid tarixi mərkəzi, barokko memarlığı və Çiaramontano qalası ilə tanınır.
Bələdiyyə hesab edir ki, tərk edilmiş evlərin bərpası şəhərin tarixi simasının qorunmasına, yeni sakinlərin və turistlərin cəlb olunmasına imkan verəcək.
Naro şəhərində XIII əsrə aid Porta d'Oro ("Qızıl Qapı") və müxtəlif turistik məkanlar da yerləşir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)