Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya millisində Kriştianu Ronaldu ilə assosiasiya olunan 7 nömrəli forma onun yığmadan ayrılmasından sonra ilk dəfə başqa futbolçunun adına yazılıb.
İdman.Biz xəbər verir ki, Belçikanın “Brügge” klubunda çıxış edən Karlos Forbs noyabrın 14-də Danimarkaya qarşı keçiriləcək UEFA Millətlər Liqasının oyununda 7 nömrəli forma ilə çıxış edəcək. Bu barədə Portuqaliyanın "Lusa" agentliyi UEFA-nın matç protokoluna istinadən məlumat yayıb.
22 yaşlı hücumçu Portuqaliya millisində indiyədək cəmi bir oyun keçirib. O, 2025-ci ilin noyabrında Ermənistanla qarşılaşmada (9:1) debüt edib. Həmin vaxt Kriştianu Ronaldu cəzalı olduğundan meydana çıxmayıb və Forbs da 7 nömrəli formanı geyinib.
Qeyd edək ki, Ronaldu 2003-cü ildən 2026-cı ilədək Portuqaliya millisində çıxış edib. O, yığmanın heyətində 234 oyun keçirib və 146 qol vurub. Karyerası ərzində Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibi olub.
Portuqaliya Futbol Federasiyası Danimarka ilə görüşdə sabiq kapitanına xüsusi ehtiram göstərəcək. Belə ki, yığmanın futbolçuları meydana Ronaldunun simvoluna çevrilmiş 7 nömrəli formalarla çıxacaqlar. Qarşılaşmanın 7-ci dəqiqəsində də ona xüsusi ehtiram göstərilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Forbsun 7 nömrə ilə çıxışı daimi xarakter daşımır. O, bu formanı Danimarka ilə qarşılaşma üçün alıb.