Cəmiyyətdə gərginlik yaradan paylaşımlarla bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

12.10.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Məktəblərdə vahid geyim tələbi ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra xaricdən, xüsusilə də İrandan səsləndirilən müdaxilə xarakterli çağırışlar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında deputat Elnarə Akimova deyib.
Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycanın təhsil siyasəti, məktəblərdə tətbiq olunan qaydalar və milli qanunvericiliyimizə əsaslanan qərarlar yalnız ölkəmizin səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi çərçivədə müzakirə oluna bilər:
"Heç bir xarici qüvvənin bu məsələlərdən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa, insanları dövlətin qanuni qərarlarına qarşı yönəltməyə haqqı yoxdur. Burada əsas məsələni düzgün anlamaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dünyəvilik dini dəyərlərin inkarı deyil. Dünyəvi təhsil mühiti məktəbdə bütün uşaqların bərabərliyini, vahid qaydalar əsasında təhsil almasını və təhsilin dini-ideoloji təsirlərdən qorunmasını nəzərdə tutur. Məktəbli geyiminə dair tələblər də məhz müəyyən edilmiş qaydalara riayət, nizam-intizam və ümumi məktəb mühitinin qorunması baxımından dəyərləndirilməlidir. 
Bu məsələni dinə qarşı mübarizə kimi təqdim etmək, dini hissləri qızışdırmaq və uşaqları siyasi mübahisələrin alətinə çevirmək doğru deyil.
Əhali belə hallarda, ilk növbədə, emosional çağırışlara və təxribat xarakterli məlumatlara aldanmamalıdır. Sosial şəbəkələrdə yayılan məlumatların mənbəyini yoxlamaq, rəsmi qərarların məzmununu təhrif edən paylaşımlara inanmamaq, təsdiqlənməmiş məlumatları paylaşmamaq və cəmiyyətdə gərginlik yaradan çağırışlardan uzaq durmaq vacibdir. Xüsusilə uşaqların və valideynlərin dini duyğularından istifadə edərək onları qarşıdurmaya sövq etmək cəhdlərinə qarşı diqqətli olmaq lazımdır".
Deputat məktəb rəhbərliklərinin, müəllimlərin və valideynlərin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıb:
"Qaydalar aydın izah edilməli, valideynlərlə dialoq qurulmalı, uşaqların hüquq və mənafeləri qorunmalı, hər hansı anlaşılmazlıq qanunvericiliyin tələbləri çərçivəsində həll olunmalıdır. Maarifləndirmə və qarşılıqlı anlaşma gərginliyin qarşısını almağın ən düzgün yollarındandır. 
Əminəm ki, Azərbaycan cəmiyyəti dövlətimizin dünyəvi əsaslarını, milli maraqlarını və ictimai sabitliyini qorumağın əhəmiyyətini yaxşı anlayır. Xaricdən gələn təzyiq və təxribat cəhdlərinə qarşı ən sağlam mövqe hüquqa hörmət, məsuliyyətli informasiya davranışı və milli həmrəyliyin qorunmasıdır. Biz hər bir məsələdə emosiyalara deyil, qanuna, sağlam düşüncəyə və dövlətimizin maraqlarına əsaslanmalıyıq".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью